"Axı kim istəyər ki, bir səhvə görə cibinə ziyan vursun"

9 Aprel 2020 12:16 Sumqayıt 778
"Axı kim istəyər ki, bir səhvə görə cibinə ziyan vursun"

Sportinfo.az xəbər verir ki, karantin səbəbindən futbolçular da evlərinə çəkilərək gündəlik məşğuliyyətlərindən uzaq düşüblər.

Ev şəraitində hər nə qədər müxtəlif fiziki təmrinlər yerinə yetirməklə formalarını qorumaq istəsələr də, heç şübhəsiz, ümumi vəziyyət onların fiziki-funksional hazırlığına təsir göstərir.

Rayonda yaşayan futbolçular şəhərdə olan həmkarlarından bu mənada bir addım öndədilər. Hər halda, bölgələrdə həyatyanı sahələrin geniş olması məşq etmək baxımından daha əlverişlidi.

“Sumqayıt”ın forvardı Amil Yunanov da karantini rayonda, daha dəqiq desək, Tovuzda keçirir. Onunla futbolsuz günləri necə keçirməsi haqda danışdıq.

- Futbolsuz qalmaq, məşqlərdən uzaq düşmək necədi?
- Bayramla bağlı Tovuza, yaxınlarımın yanına gəlmişdim. Fikrim var idi ki, Novruz tətilini onlarla keçirib, Sumqayıta qayıdım. Ancaq elə alındı ki, burda qalmalı oldum. Əlbəttə, futbolsuz qalmaq çox çətindi. Ancaq məşqlərə ara vermirəm. Yeni proqram vasitəsi ilə gündə 1 saata yaxın kollektiv məşq edirik. Bundan əlavə özüm də fərdi çalışıram.

- Bayram tətili üçün rayona getdiyinə peşman olmamısan?
- Yox, heç bir peşmanlıq yoxdu. Əksinə, sevinirəm ki, belə vəziyyətdə rayondayam. Hər halda, karantin dönəmini bina evində keçirməkdənsə, həyət evində olmaq daha yaxşıdı. Ən azı fərdi məşq etmək üçün həyət evində daha geniş imkanlar var. Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm (gülür). Bir gün də məşqsiz qalmıram.

- Komanda yoldaşın Vurğun Hüseynov da, bildiyimə görə, hazırda Tovuzdadı. Onunla görüşə bilirsən?
- Açığı, 8103 məsələsi ortaya çıxandan evdən bayıra çıxmıram. Bütün gün evdə oluram. Təxminən 20 gündü rayondayam. İlk vaxtlar tez-tez bir araya gəlirdik, birlikdə məşq edirdik. Son bir həftədə kapitanla görüşməmişik. Ancaq telefonla danışır, hal-əhval tuturuq. O da gündəlik məşqini davam etdirir.

- Hazırda ən çox müzakirə olunan məsələlərdən biri də mövsümün necə bitirməklə bağlıdı. Bəziləri çempionatın turnir cədvəlindəki indiki durumu saxlamaqla başa vurulmasını istəyir. Belədə “Sumqayıt”ın tarixində ilk dəfə avrokuboklara qatılmaq şansı yaranır. Bəziləri də bu addımın idman prinsiplərinə zidd olduğunu söyləyir, qalan 8 turun keçirilməsinin vacibliyini qeyd edir. Hətta bu yöndə FİFA ilə UEFA arasında da fikir ayrılığı var. Bəs sən hansı variantın tərəfdarısan?
- Düzdü, turnir cədvəlindəki mövqeyimizi nəzərə alanda qalan 8 turu keçirmədən mövsümü qapamaq bizə sərf edir. Lakin mən bunun tərəfdarı deyiləm. Hər şey yaşıl meydanlarda həll olunmalıdı. Bir də ki belə məsələlər bizim istəyimizlə tənzimlənmir. AFFA, PFL nə qərar verəcəksə, ona hörmətlə yanaşacağıq. Desələr ki, sabah meydana çıxın, çıxacağıq. Çünki müqaviləmiz var və ona da əməl etməliyik.

- Tovuzda əhali karantin rejiminin tələblərinə əməl edir, yoxsa hər kəs bir-birini tanıyır deyə çölə çıxmaq üçün icazə almağı lazım bilmirlər?
- Bütün ölkədə olduğu kimi, rayonda da xüsusi karantin rejiminə ciddi riayət olunur. Bayaq qeyd etdiyim kimi, SMS ilə icazə almaq söhbəti ortaya çıxandan evdən bayıra çıxmamışam. Ancaq eşitdiklərimə əsasən onu deyə bilərəm ki, insanlar qəbul olunmuş qərarları anlayışla qəbul edirlər və qanun pozuntusuna yol verməməyə çalışırlar. Axı kim istəyər ki, cərimələnsin, bir səhvə görə cibinə ziyan vursun (gülür) Futbol+.

Digər Xəbərlər
Xəbər Lenti