İsayev nənəsini xatırladı, mükafatdan danışdı - MÜSAHİBƏ

10 Noyabr 2019 19:36 Sumqayıt 773
İsayev nənəsini xatırladı, mükafatdan danışdı - MÜSAHİBƏ

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev Premyer Liqanın 11-ci turu çərçivəsində "Sabah"a qarşı keçirilən görüşdən sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb:

- Görüşlə bağlı təəssüratların necədir?
- Dünən həm mənim, həm də nənəmin doğum günü idi. Təəssüf ki, nənəm artıq dünyasını dəyişib. Mən qələbəni nənəmə həsr edirəm. O, hər zaman mənə inanırdı, deyirdi ki, sən ən yaxşısını bacaracaqsan. Nənəmi çox sevirəm. Həyatdır, yaşamağa davam edirik. Yavaş-yavaş formamı bərpa edirəm. Oyundan-oyuna özümü daha yaxşı hiss edirəm. Hələ ki, əsl mən deyiləm. Bir müddət sonra əsl Alekseyi görəcəksiz.

- Qələbə qazanmağınızda xarakter göstərməyiniz kömək oldu?
- İlk yarıda da yaxşı oynadıq, sadəcə qol imkanlarından istifadə edə bilmədik. Qol vura bilməyəndən sonra qapımızda qol gördük. Üzülmədik və işimizə davam etdik. Ayxan Abbasov fasilədə dedi ki, oynamağa davam edin, həvəsdən düşməyin. İkinci yarıya çıxdıq və istədiyimizi etdik. Hücumdakı oyunçularımıza afərin, yaxşı oynadılar.

- Ötən mövsümki heyətlə indikini necə müqayisə edərdin?
- İndi bir söz deyə bilmərəm. Çünki hələ ki, cəmi ikinci oyunumu oynayıram, uşaqlara öyrəşirəm. Məncə, bizdə hər şey yaxşı alınacaq. Allah qoysa, rəhbərliyin qarşımıza qoyduğu məqsədə çatacağıq.

- Qarşınıza hansı məqsəd qoyulub?
- Məqsədimiz ötənilki kimidir, avrokuboklara vəsiqə qazanmaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Oyundan-oyuna inkişaf edirik. Məşqçilərin dediklərini yerinə yetiririk. Futbol oynamağa, azarkeşlərimizi sevindirməyə çalışırıq. Bəyənirlər yoxsa yox, bunu artıq azarkeşlərimizdən soruşmaq lazımdır(gülür).

- Oyundan sonra paltardəyişmə otağında səs-küy oldu. Deyəsən, yaxşı mükafat vəd etdilər?
- Bu barədə bir söz deyə bilmərəm. Mənim işim futbol oynamaq, azarkeşləri sevindirməkdir. Mükafat haqda isə bir söz deyə bilmərəm. Əlbəttə ki, mükafat stimuldur. Amma mənim stimulum hər il irəliyə getmək və daha yaxşı olmaqdır. Uşaqlıqdan qarşıma qoyduum məqsədlərə çatmağa çalışıram. Bu mənim stimulumdur. Düzdür, mükafat da önəmlidir. Amma ailəmin yaxşı keçinməsi üçün vacibdir. Mənim öz stimulum isə hər il inkişaf etməkdir.

- Yenidən milliyə düşmək necə, sənin üçün stimuldur?
- Bu barədə bir söz deməyəcəm, söz verməyəcəm. Çünki son beş ayda çox şey baş verib. İndi isə mənim əsas işim formamı bərpa edib, futbol oynamaqdır. Necə olacağını sonra görəcəyik.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti