“Qarabağ”da çempion oldu, 30 yaşında futboldan getdi, hər şeyi “Sportinfo”ya danışdı

15 May 21:20 Sumqayıt 1 901
“Qarabağ”da çempion oldu, 30 yaşında futboldan getdi, hər şeyi “Sportinfo”ya danışdı

Daha bir azərbaycanlı futbolçu karyerasını vaxtından əvvəl başa vurmağa hazırlaşır.

Futbola Zaqatalada başlayıb “Bakı”nın akademiyasında davam edən, 2016-cı ildə “Qarabağ”la Azərbaycan çempionu adını qazanan, Canni de Byazinin dönəmində Azərbaycan millisinin şərəfini qoruyan, Premyer Liqada 250-dən artıq oyunda meydana çıxan Vüqar Mustafayev 30 yaşında futbolla vidalaşmaq məcburiyyətində qalıb.

Səbəbkarla söhbət üçün daha uyğun vaxt və mühit düşünsəm də, müsahibə “Sumqayıt”ın “Kəpəz”ə məğlubiyyətindən sonra baş tutdu. Oyunla bağlı suallardan başlayıb, keçdik mətləbə.

- Yenə qələbəyə həsrət qaldız.

- Nəticə qazanmadıqca istər-istəməz gərginlik artır. Bura 3 xalın dalınca gəlmişdik və bu, mümkün idi. Hər nə qədər çətin səfər olsa da, istəyimizə çata bilərdik. Penaltidən bir qol buraxdıq, o da həlledici oldu. Halbuki bizim də çox yaxşı imkanlarımız var idi.

- “Kəpəz” sizdən daha istəkli görünürdü sanki.

- Bəlkə də bir gün əvvəl “Səbail”in Premyer Liqanı tərk edəcəyi ilə bağlı məsələnin rəsmiləşməsi müəyyən rahatlıq yaratmışdı. Bunu əminliklə demirəm, hardasa ehtimal edirəm. Ancaq başlıca səbəb kimi ələ düşən imkanların boşa verilməsini göstərə bilərəm.

- Yekun nəticə oyuna görə oldu?

- Fikrimcə, ədalətli nəticə heç-heçə olardı. Hər iki komandanın real qol şanslarının olduğunu nəzərə alsaq, uduzmağa layiq deyildik. İstənilən halda “Kəpəz”i qazanılan qələbə münasibəti ilə təbrik edirəm.

- Premyer Liqada sonuncu günlərini yaşayırsan. Səni futbolla vidalaşmağa məcbur edən zədə nə ilə bağlıdır?

- Dizimdə zədə var. 3 ilə yaxındır həmin zədə ilə oynayıram, mübarizə aparıram. Bəlkə də çox adam bilmir. Amma 3 ilə yaxındır meydana iynə vurdurub çıxıram. Düşünürəm ki, artıq bəsdir. Hər bir insan üçün sağlamlıq daha önəmlidir.

- Futboldan doydun?

- Xeyr, doymadım. 31 yaşım olmayıb hələ. Fiziki gücüm daha bir neçə il oynamağıma imkan verir. Kifayət qədər təcrübə topladığımı nəzərə alsaq, bu dəqiqə karyeramın ən parlaq dönəmidir. Futboldan həzz almalı olduğum vaxtda karyeramı başa vurmaq məcburiyyətində qaldım. Düzünü desəm, karyeramla bağlı planlarım, arzularım vardı.

- Gedirsən. Gözün nə(lər)də qalır?

- Çətin sualdır. (bir qədər düşünəndən sonra) Paltardəyişmə otağındakı ab-hava üçün çox darıxacam. Düzdür, hələ bir-iki oyun qalıb. Gedəndən sonra gözlərim komanda yoldaşlarımı və paltardəyişmə otağını axtaracaq.

- Bildiyimə görə, klub rəsmiləri “Turan Tovuz”la ev oyunundan əvvəl sumqayıtlı azarkeşlərlə vidalaşmağın üçün proqram hazırlayıb. Tərslikdən, aldığın qırmızı vərəqə ucbatından son 2 oyundan iştirak etməyəcəksən.

- Bəlkə də klubdan nəsə hazırlayıblar, ancaq sizi inandırım, heç nədən xəbərim yoxdur. Futbolçu həyatıdır, heç kim həyatının sonuna qədər topdan yapışıb qalmır. Bir gün başladığımız kimi, bir gün bitirməliyik.

- 30 yaşda yox da.

- Düzdür, düzdür.

- Vida görüşündə göz yaşlarına sahib ola biləcəksən?

- Yəqin ki, təsirli olacaq.

- Premyer Liqada 250-dən çox oyun, “Qarabağ”la çempionluq, Azərbaycan millisinin forması. Allahın adını çəkmədən buna görə kimə borclu olduğunu deyə bilərsən?

- Valideynlərimə. Bilirsiz ki, əslən Zaqataladanam. Futbola orda başlamışam, orda böyümüşəm. Məşqçim hamının yaxşı tanıdığı, Qurban Qurbanovun da məşqçisi olmuş Şaban Şirdanov olub. Uşaqlığımla bağlı o qədər heç vaxt unutmayacağım, təsirli anlar var ki. Onları danışsam... O anlarda atam məni yıxılmağa qoymadı, əksinə, tutub qaldırdı.

- Birini danışsan, yaxşı olar.

- “Qəbələ” akademiyasının yeni yarandığı dönəm idi. O vaxt yaxın bölgələrdə futbol oynayan uşaqlar seçimlərə qatılırdılar. 14-15 yaşım olardı, Zaqataladan 20-yə yaxın uşaq seçimlərə qatılmışdıq. Təsəvvür edin, o qədər uşağın arasından üç nəfər seçilməmişdi, onlardan biri də mən idim. Fiziki cəhətdən zəif olduğumu deyib götürməmişdilər. Bəlkə də məşqçilər üçün normal idi, normativlər daha yaxşısını tələb edirdi. Ancaq o yaşda elə vəziyyətlə üzləşmək... Ondan sonra futbolu buraxmaq istəyirdim, məşqlərə həvəsim qalmamışdı. Özümə gələ bilmirdim. Çox çətin idi həqiqətən.

- Atan arxanda dayandı, əlindən tutdu.

- Bəli. Özü vaxtilə futbolçu olmağı arzulasa da, babam imkan verməyib, təhsil almasını istəyib. Ona görə də mənim düşdüyüm vəziyyəti çox yaxşı başa düşürdü. Həmişə deyirdi, nə olur olsun, heç vaxt qarşını kəsməyəcəm, əksinə, dəstək verəcəm. Hər zaman üzərimdə valideynlərimin dəstəyini hiss etmişəm. Ona görə də ilk növbədə onlara borcluyam.

- Top dalınca qaçmaq missiyası başa çatır. Özünü məşqçilikdə görürsən?

- Bəlkə də birdən-birə alınmaz. Fikrimcə, müəyyən müddət təcrübəli məşqçilərin birinin yanında nələrisə görüb-götürsəm, davam edə bilərəm. Niyyətimdə məşqçi olmaq var.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti