
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müsahibə verib.
Təcrübəli mütəxəssis komandasının “Zirə”ylə yoldaşlıq görüşündə qazandığı 4:0 hesablı qələbə haqda sualları cavablandırıb.
- Oyunla bağlı fikirlərini eşitmək istərdik.
- Maraqlı oyun alındı. Xüsusən ilk hissə xoşuma gəldi. “Zirə” ilk hissədə bizdən daha hazırlıqlı görünürdü. İkinci yarının əvvəlində ardıcıl qollar vurmaqla işimizi asanlaşdırdıq. Səhvlərimiz var idi və bunu gözləyirdim. İndiki vəziyyətdə futbolçulardan sürətli oyun tələb etməyim düzgün olmaz. Bu oyunun analizinə əsasən qarşıdakı günlərdə bəzi detalların üzərində çalışacağıq.
- Müsbət mənada təəccübləndirməyi bacaran futbolçular oldu?
- Ayrı-ayrı futbolçuları yox, ümumi komandanı yaxşı gördüm. Bununla yanaşı, bəzi qəbulolumaz səhvlərimiz var idi. Bu oyunda səhvlərimizi görməyimiz yaxşı oldu.
- İstirahət dövründən sonra futbolçuların fiziki durumundan nə dərəcədə razısız?
- Hələ ki, o səviyyədə deyilik. Milli komandanın üzvlərinin istirahət etməyə vaxtları az olduğu üçün onların fiziki durumu yaxşı deyil. Dincəlməyə vaxtı çox olanlar məşqlərdəki yüklənmələri daha rahat qəbul edə bilir.
- Transferlərlə bağlı nə yenilik var? Yassin Benzianın “Qarabağ”a mümkün qayıdışı barədə xəbərə reaksiyanız necədir?
- Benzia ilə yeni bir məlumat yoxdur. Gedəndən sonra heç bir danışığımız olmayıb. Transferlərə gəlincə, həmişə olduğu kimi danışıqlar aparılır. Bunun üstünə ciddi şəkildə düşmüşük. Ola bilər qarşıdakı günlərdə, bəlkə də 10 gündən, yaxud bir aydan sonra hansısa yenilik olar. Bu iş bir az vaxt aparır.
- İnternet qaynaqlarındakı məlumata əsasən “Qarabağ”la müqavilənizin müddəti bu gün, yəni iyunun 30-da başa çatıb. Yeni müqavilə bağlamısız?
- Keçmişdə bağladığım müqavilənin müddəti davam edir. Bildiyimə görə, 2027-ci ilə qədərdir.
- Çempionlar Liqasındakı potensial rəqibləriniz “Şelburn”la “Linfild”in oyununa köməkçilərinizdən kimisə göndərəcəksiz?
- Bəli, belə bir fikrimiz var.
- Maraqlandığınız futbolçuların siyahısında “Dinamo Zaqreb”in müdafiəçisi Sami Mmaee var?
- Adının siyahıda olması mümkündür.
HƏBİB / SPORTİNFO.AZ