Ortaya çıxıb, cavab verin!

18 Oktyabr 2021 22:20 Sumqayıt 746
Ortaya çıxıb, cavab verin!

Sumqayıtdakı “Kapital Bank Arena” 1326 nəfərlik azarkeş tutumuna malikdir.

Bu barədə stadiona daxil olan kimi qarşımıza çıxan məlumat lövhəsində böyük hərflərlə məlumat yerləşdirilib.

Bəli, söhbət əhalisinin sayına görə ölkənin ikinci ən böyük şəhərindən gedir. Həmin şəhər ki, Azərbaycan futboluna adlarını sadalamaqla bitməyəcək sayda futbolçular bəxş edib.

Həmin şəhər ki, dünənə kimi futbolun adı gələndə adamların ağlı başından uçub. Həmin şəhər ki, bu günə qədər millilər ev oyunlarını orda keçirir.

Həmin şəhər ki, bu gün ümidinə qaldığı stadionun tribunalarında ən yaxşı halda 1326 nəfər otura bilər. Halbuki, indiyə qədər Sumqayıt bu sayda futbolçu yetişdirib. Bəlkə də, daha çox.

Və həmin 1326-ya görə dünən “Sumqayıt” – “Neftçi” qarşılaşmasını izləmək həvəsində olan nə qədər insan arenaya buraxılmadı. Ki, pandemiyadır, içəri arenanın ümumi azarkeş tutumunun 50 faizi qədərində izləyici keçə bilər.

Onlar orta yaş nəslinin nümayəndələri, gənc və yeniyetmələr, yaşlılar, hətta əlillər idi.

Onlar heç kimə lazım olmayan Azərbaycan çempionatının matçına canlı baxmaq istəyənlər idi.

Onlar “Sumqayıt”ın xoş gələcəyinə ümid edənlər idi. Onlar həm də Bakıdan “Neftçi”ni dəstəkləməyə gələnlər idi.

Sona qədər qapılar üzlərinə açılmadı. Biri hasara dırmandı, digəri dəmir barmaqlıqların arasından baxmağa çalışdı, bir başqası tribunadan gələn səslərlə təsəlli tapdı.

Yaranmış o mənzərə bacarıqsızlığın, diqqətsizliyin, vecsizliyin, məsuliyyətsizliyin nəticəsiydi.

Bilirsiz, niyə?

Çünki o boyda şəhər 1326 nəfərlik tutuma malik kibrit qutusuna, üzr istəyirəm, stadiona sahib olmalı deyil.

Tribuna və oturacaq sayının azlığına görə ürəyi futbolla döyünən o qədər insan bayırda qalmamalıydı.

İllərdir tribuna sayının artırılacağına dair nağıllar danışılsa da, əməldə görülən iş yoxdur. Bu günü sabaha calayıb ciblərini düşünənlər “Mehdi Hüseynzadə”nin hazır olacağı günü gözləyir. Onun nə vaxt hazır olacağını isə, bilən yoxdur.

Hə, cənablar, futbol eşqi ilə stadiona gəlib, qapının arxasında qalan o azarkeşlərin yerində siz olsaydız, nə edərdiz?

Kimi söyərdiz? Kimi qınayardız? Stadiona cavabdehlik daşıyanı, kluba rəhbərlik edəni. Düzdür?

İndi ortaya çıxıb, cavab verin. Sumqayıt boyda şəhərdə futbola baxmaq üçün niyə cəmi 1326 nəfərə yer ayrılıb?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti