"Sabah" belə davam etsə… Klubun önündə açılan perspektiv

24 Sentyabr 2020 16:14 Sabah 702
"Sabah" belə davam etsə… Klubun önündə açılan perspektiv

İddiasını gizlətməyən iki komandanın dueli turun mərkəzi qarşılaşmalarından biri idi.

Məşqçilərin də oyuna hazırlığı maraq doğururdu.

İspan mütəxəssis öz yerində, Rəşad Sadıqov da ilk mövsümündə özünü göstərmək istəyindədir. "Zirə" evdə çıxış etsə də, ilk dəqiqələrdən oyunu ələ ala bilmədi.

Müdafiə, orta xətdə oyun quruculuğu, yaradıcılığı axsayırdı. Davit Volkovun fərdi keçidlərinə istənilən dəstək verilmirdi. Komanda öndə çoxala bilmirdi.

Ağabala Ramazanovun yoxluğu da özünü açıq biruzə verir. Elvin Camalovun dağıdıcılığı fonunda Hacıağa Hacılı öz potensialından aşağı çıxışı ilə yadda qaldı.

Əsas problemlərdən biri, bəlkə də birincisi qapıçı mövqeyi ilə bağlıdır. Əbəs yerə deməyiblər, qapıçı komandanın yarısıdır. Saşa Stamenkoviç bunu artıqlaması ilə sübuta yetirdi.

Müasir futbolda ilk dəfədir bir braziliyalının (Mateus Albino) ayaqla belə zəif oyununun şahidi olduq. Baş məşqçinin fəlsəfəsini nəzərə alsaq, topa nəzarət, davranış, sahib olma yerində olmalıdır.

Mövqe hücumlarının keyfiyyəti ilk ötürmədən, müdafiə, dayaq bölgəsindən başlayır. Braziliyalı «əlcək sahibi» müdafiədə çaşqınlıq yaradır, topu ram edə bilmir, adi epizodlarda komanda yoldaşlarına rahat ötürmə verə bilmirdi.

Təzyiq olan kimi də topu auta vurur, başından edirdi. Tez-tez top itkiləri ilə yanaşı, qapıçı müdafiədə bir əsəbilik, gərginlik yaradır, xətlərarası əlaqə pozulur, özünəinam azalır, rəqibin hücumda təzyiqi çoxalırdı.

Stamenkoviç isə tək "Sabah"ı 2-3 yüzfaizlik qoldan xilas etmədi, oyun ərzində, hücumların qurulmasında aktiv iştirak edir, kapitan kimi müdafiəni nizamlayır, ehtiyac olduqda oyunun, hücumların istiqamətini dəyişirdi.

Komanda yoldaşları rəqibin pressinqi ilə üzləşəndə arxayınlıqla topu geri, Saşaya ötürür, o da son müdafiəçi kimi mükəmməl davranışı ilə komandaya əlavə güc verirdi.

Albino belə çıxışını davam etsə, Rəşad Əzizov əsas heyətə daha faydalı olar.

"Zirə"nin transferlərini də nəzərə alsaq, yerli qapıçı əlavə legionerin oynadılması deməkdir. Qapıçı öncə xilaskar olmaqla yanaşı, komandanın özgüvənini artırmalıdır.

"Zirə"lı futbolçular bəzi hallarda komanda oyununu aşırı emosionallığa qurban verirlər. Qələbə əzmi, istəyi əladır, sistem pozulanda isə "Sabah" kimi komandalar bunu əldən buraxmır. Hiss olunur ki, Rəşad Sadıqovun görmək istədiyi oyunu futbolçuları hələ tam qavraya bilməyib.

"Sabah" artıq Qəbələdəki təlim-məşq toplanışından bilinirdi ki, iddiasını ortaya qoyacaq.

İki mövsümünü itirən, yersiz transferlərlə, yerli, əcnəbi məşqçilərlə maliyyə, vaxt itirən, eksperimentlər aparan "Sabah" arzuladığı baş məşqçisini tapıb, deyəsən. İspaniyalı futbolçuları bir amal uğrunda mübarizəyə kökləyə bilib.

İlk turdakı "Qarabağ"a məğlubiyyət və sonuncu yer "Sabah"a təsir etmədi, ardıcıl qələbələr komandanı liderliyə yüksəldib. Visente Qomes heyət sarıdan heç bir korluq çəkməyən kollektivdə öz sistemini otuzdura bilib. Ən önəmlisi, meydanda liderliyi yerli futbolçular edir.

Komanda baxımlı futbol sərhiləyir və artan templə keyfiyyəti turdan-tura yaxşılaşdırır. Futbolçular məşqçiyə, seçilən oyun üslubuna, taktiki gedişlərə inanır, bir mexanizm kimi hərəkət edərək meydanda bir-birilərini sığortalayırlar.

"Sabah" nə etdiyini, necə oynayacağını artıq bilir. Belə davam etsələr, nəinki Avroliqa zonasına vəsiqə, ikincilik, çempionluq, kubok uğrunda mübarizə apara bilərlər. "Qarabağ"la "Neftçi"nin zəifləməsi də buna imkan yaradır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"