"Mən də belə insanam, istəyirəm ki, ortaya bir iş qoyum"

28 Aprel 12:16 Sabah 440
"Mən də belə insanam, istəyirəm ki, ortaya bir iş qoyum"

“Sabah”ın Premyer Liqada “ayaq açıb yeriməsində” Emin Abbasovun rolu danılmazdır.

Sportinfo.az xəbər verir ki, “tələbələr” elitaya hazırlaşan gündən klub rəhbərliyində təmsil olunan Abbasov vaxtilə “Qarabağ” (akademiyada baş əlaqələndirici), “Şüvəlan” (icraçı direktor) və “Xəzər”də (icraçı direktor), eləcə də “Xəzər” TV ilə “CBC Sport”da topladığı təcrübədən yararlanmaqla iş yerinə fayda verməyə çalışıb.

Hər halda, “Xəzər” məhz Emin Abbasovla yaxın ətrafının gəlişindən sonra birinci divizionda 8-ci pillədən yuxarı qalxmış, nəticədə çempion olmuşdu.

Lakin fevralın son günlərində nə baş verdisə, Emin bəy “Sabah”ın idman direktoru postundan istefa verdi. Həmin vaxt istefası ilə bağlı heç nə danışmadı.

Kənara çəkildi, susmağı üstün tutdu. Hələ də susur, gözə dəymir. Yəqin ki gələcəklə bağlı planları var. Düzdü, bir anın içində premyer-liqa təmsilçilərində peyda olmaq heç də asan görünmür. Maşallah, bütün iş yerləri məşğuldu, boşalan kimi də AFFA-dan kimisə tapıb calaq edirlər.

Belə vəziyyətdə Abbasov nə etməyi düşünür? Gələcək fəaliyyətini yenidən klub funksioneri kimi görür, yoxsa özünə doğma olan peşəyə - jurnalistikaya qayıtmaqda maraqlıdı? Bakıda axtardığımız həmkarımızı Rostovda tapdıq:

"Sabah"dan ayrılandan sonra Rusiyaya - qardaşımın yanına gəldim. Bu səfəri çoxdan planlaşdırırdım, amma işlərin çoxluğundan alınmırdı. O vaxtdan elə Rusiyadayam, hamı kimi karantin rejiminə riayət edirəm.

"Sabah"dan çıxanda xeyli adam əlaqə saxladı mənimlə, bir növ dəstək nümayiş etdirdilər. Ki, bu hal özü mənə çox xoş oldu. Təkliflərə gəlincə, bəli, bəzi variantlar vardı. Amma heç müzakirə etmədik, çünki Rusiyaya gedəcəyimi dəqiqləşdirmişdim.

Təbii ki, qayıdandan sonra bir işin qulpundan yapışmaq fikrindəyəm. Son 3 ildə klub funksioneri kimi fəaliyyət göstərmişəm, müəyyən təcrübə toplamışam.

Ona görə də klub funksioneri kimi çalışmaq daha maraqlı gəlir mənə indiki məqamda. Ancaq elə yerdə işləmək istərdim ki, fikirlərimə, futbol baxışlarıma önəm verilsin, ortaya iş qoymaq üçün uyğun şərait olsun.

Yəni iş xatirinə işləmək mənlik deyil. Digər tərəfdən, reallığa baxsaq, mən dediyim şərtlərlə futbolumuzda iş tapmaq asan məsələ deyil. Bunu özüm də yaxşı başa düşürəm. Amma mən də belə insanam, istəyirəm ki, olduğum yerdə ortaya bir iş qoyum.

Səlahiyyət yetəri qədər olmayanda isə mümkün deyil bu. Məni tanıyanlar bilirlər ki, mədəni adamam, işgüzarlığım da var. Ancaq görəndə ki, işlər istədiyim kimi getmir, narahat olmağa başlayıram. Görsəm ki, futbolda real təklif yoxdu, o zaman bir qərara gələcəm.

Ya televiziyaya qayıdaram, ya da müstəqil jurnalist kimi fəaliyyətimi davam etdirərəm. Artıq 15 ildi jurnalist və funksioner kimi futbol sahəsindəyəm. Özümü elə bu sferada görürəm”.

Xəbər Lenti