"Bizi özümüzü reklam etməkdə günahlandırırlar"

27 Aprel 2020 23:00 Sabah 605
"Bizi özümüzü reklam etməkdə günahlandırırlar"

Sportinfo.az "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin müsahibəsini təqdim edir:

- Karantin dönəmi necə keçir?

-Bilirsiniz ki, komanda ilə birgə onlayn məşqlər edirik. Bununla yanaşı, fərdi də çalışmalarımız olur. Ancaq təbii ki, istədiyimiz effekti vermir. Meydanda komanda ilə çalışmaq başqadır. Qalan vaxtları isə evdə oluram, zamanı ailəmlə keçirirəm.

-Koronavirusdan necə qorunursan?

-Çalışıram ilk öncə evdəkiləri qoruyum. Bütün günü əlimizi yuyur, spirtləyirik. Çölə çıxıb qayıdan kimi, əllərimizi dərhal sabunla yuyuruq. Maksimum ehtiyalı olmağa çalışırıq. Maskadan, əlcəkdən istifadə edirik. Çalışırıq ki, deyilənlərə əməl edək.

-Futbolsuz qalmaq çox çətindir?

-Sözlərlə ifadə etmək olmaz. Bizim üçün evdə oturmaq çox çətindir, ürəyimiz partlayır. Allahdan istəyirik ki, yataq-duraq və “sabah saat 11-də məqşdir” sözünü eşidək. Həqiqətən darıxdırıcıdır. Daim oynayıb işsiz qalanları indi daha yaxşı başa düşürük. Futbolsuz evdə alışıb yanırıq.

-Premyer Liqanın ləğvinə münasibətin necə olardı?

-Bu, böyük haqqsızlıq, ədalətsizlik olar. Demirəm çempionat bərpa olunsa, “Sabah” gəlib lider olacaq. Ancaq idman prinsipləri nəzərə alınmalıdır. Hazırda 3-cü və 4-cü yer uğrunda qızğın mübarizə gedir. Üçüncü yerdəki “Keşlə” ilə aramızda 9 xal var. Onlarla qarşıda iki oyunumuz durur. Ona görə də hələ heç nəyi bilmək olmaz. “Qarabağ”la “Neftçi”ni çıxsaq, qalan komandalar eyni gücdədirlər. “Sumqayıt”la “Zirə” eyni xaldadırlar, bizi isə onlardan iki xal geridəyik. Premyer Liqanın ləğvi bütün komandalar üçün haqqsızlıq olar. Ona görə də bütün günü dua edirik ki, çempionat bərpa olunar və haqq-ədalət öz yerini tapar.

-Oyunçuların maaşlarının azladılması müzakirə olunurdu. Əgər klubun belə bir təklifi olsa, razılaşardın?

-Bu gün belə bir söhbət gündəmdə deyil. Ancaq klub belə bir qərar versə, bununla bağlı bizə müraciət olunsa, biz də bu vətənin oğlu kimi öz köməkliyimizi əsirgəmərik. Heç vaxt belə şeyi problem etmərik.

-Dünyada bir çox futbolçular bu dönəmdə ölkələrinə maddi və mənəvi dəstək olurlar. Maraqlıdır, siz hansı addımları atdınız?

-Açığı, bu məsələlər barədə mətbuata danışmağı xoşlamıram. Çünki bizim millət belə şeyləri yaxşı qarşılamır. Kiməsə nəsə kömək edib paylaşanda, 5 nəfər yaxşı deyirsə, bir o qədər də pis deyir. Özümüzü reklam etməkdə günahlandırırlar. Bilrisiniz ki, klubumuz həmin fonda yardım edib. Həm rəhbərlik, həm də oyunçular gücləri çatan qədər dəstək oldular. Ancaq bununla yanaşı, bəlkə də inanmayacaqsınız amma bir çox ehtiyacı olan ailələrə də yardım edirik. İnanın ki, əlimizdən gələn qədər onlara köməklik etməyə çalışırıq. Hətta yalnız mən yox, futbolçuların 90 faizi bu işi görürlər.

-Çempionat bərpa olunandan sonra formaya düşmək çətin olacaq?

-Yəqin ki, karantin rejimi bitdikdən sonra klublara məşq etmələri üçün icazə veriləcək. Məncə, bizə iki-üç həfətə vaxt verilməlidir. Əgər bu olmasa, futbolçuları böyük riskə atmış olarlar. Çünki martın 13-dən buraxılmışıq. Dönməyimiz aşağı-yuxarı iki ay çəkəcək. Evdə nə qədər məşq etsək də, komanda ilə birgə hazırlığın yerini vermir. Düzdür, mümkün qədər özümüzü qorumağa çalışırıq. Yeməyimizə, yatmağımıza fikir veririk. Çalışırıq ki, çempionat başlayanda çox da çətinlik çəkməyək (matc.az).

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu