"Növbəti mövsüm Premyer Liqada 10 komanda olacaq"

31 Mart 12:58 Sabah 599
"Növbəti mövsüm Premyer Liqada 10 komanda olacaq"

"Burada çempionat uzun müddətdir ki, dayandırılıb. Dünən ən azı mayın sonuna qədər oynamağın təhlükəsiz olmayacağına dair rəsmi məlumat aldıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah" futbol komandasının məşqçisi Marko Lozo "Sportklub" nəşrinə müsahibəsində deyib.

Baş məşqçi Jelko Sopiçin köməkçisi olan 32 yaşlı mütəxəssis Bakıdakı vəziyyətlə bağlı danışıb: "İlk günlərdə hər şey nisbətən normal idi. Ardından saat 15:00-a qədər kafe və restoranlar açıq oldu. Daha sonra yalnız market və apteklərin açıq olacağına, insanların evlərini tərk etməməsinə qərar verildi".

Lozo "Sabah"a gəlməmişdən öncə ölkə futbolu barədə çox şey bilmədiyini vurğulayıb: "Amma indi yaxşı mənada təəccübləndiyimi söyləyə bilərəm.

İki klub keyfiyyət baxımından ayrıdır. Bunlar "Neftçi" və "Qarabağ"dır. Digərləri isə eyni səviyyədədir. Hazırda Premyer Liqada 8 komanda var, amma növbəti mövsüm 10 olacaq".

Xorvatiyalı məşqçi çempionatdakı hazırkı durumdan razı olmadıqlarını söyləyib: "Turnir cədvəlindəki vəziyyətdən çox məmnun deyilik, amma yuxarıda bizə qonşu olan pillədəkilərlə xal fərqi çox azdır və məqsədimiz mövsümü üçüncü pillədə başa vurmaqdır. Jelko Sopiç və mənə burada bir şey etmək üçün vaxt lazımdır. Buna görə səbrli olmalıyıq".

"Sabah" Premyer Liqada 20 turdan sonra 21 xalla 6-cı pillədə qərarlaşıb. Koronavirus pandemiyası ilə əlaqədar çempionata aprelin 14-dək fasilə verilib. Bu qərar martın 13-də qəbul olunub.

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...