"Hər kəs bu problemin həllini gözləyir, amma..."

18 Mart 2020 21:00 Sabah 554
"Hər kəs bu problemin həllini gözləyir, amma..."

Qış fasiləsində “Zirə”yə transfer olunan yarımmüdafiəçi George Anton ölkəsi Moldova mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu klubu və Azərbaycan futbolu haqda danışıb. Anton eyni zamanda koronavirus pandemiyası ilə bağlı yaranmış duruma da münasibət bildirib.

- 27 yaşınız var və ilk dəfə legioner həyatı yaşayırsınız. Daha əvvəl belə təkliflər olmayıb, yoxsa özünüz ayrılmaq istəməmisiniz?
- Həmişə xaricdə oynamaq istəmişəm. Sadəcə, indiyə qədər ayrılmağımı şərtləndirəcək konkret təkliflər olmamışdı. “Zirə” isə mənim transferimdə israrlı davrandı və müqavilə imzalamağımı çox istədi.

- İnfrastruktur, maliyyə, azarkeş baxımından “Zirə” necə klubdur?
- Bu, 2014-cü ildə yaradılan gənc və iddialı komandadır. Ev oyunlarımızı Bakıdan 40 kilometr məsafədə yerləşən Zirə qəsəbəsində keçiririk. Ancaq hər gün eyni vaxtda Bakı Olimpiya Stadionunda məşq edirik. Azarkeşlərə gəlincə, oyunlara çox adam gəldiyini deyə bilmərəm. Ancaq bizi çılğın şəkildə dəstəkləyirlər. Maliyyə baxımından isə heç bir problem yoxdur.

- Yeni komandada özünüzü nə dərəcədə rahat hiss edirsiniz və Azərbaycan futbolunu necə gördünüz?
- Artıq altı oyun keçirmişəm və özümü yaxşı hiss edirəm. Azərbaycanda futbol gözlənilməzdir, hər kəs digərlərini məğlub edə bilər. “Qarabağ”ı saymasaq, digər komandaların gücü bərabərdir. İndi turnir cədvəlində vəziyyət belədir ki, hər klubun avrokuboklara vəsiqə qazanmaq şansı var.

- “Zirə” sizə necə yaşayış şəraiti yaradıb? Harada yaşayırsınız, boş vaxtınızda nə edirsiniz və kimlə ünsiyyət qurursunuz?
- Bakıda bir mənzildə yaşayıram və “Sabah”dakı həmyerlim Yevgeni Koçukla ünsiyyət qururam. O, əvvəlcə burada rahat olmağımda kömək oldu. Ailəm artıq yanımdadır, buna görə də, boş vaxtlarımı yaxınlarımla keçirirəm.

- Azərbaycanda ətrafınızdakı insanlar koronavirus epidemiyası ilə bağlı yaranmış situasiyaya necə reaksiya verdilər? Bu məsələdə vəziyyət necədir?
- Bütün lazımi tədbirlər görülüb, dörd gündür məşq etmirik. Bilirəm ki, qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hər kəs bu problemin həllini gözləyir, amma heç kimə küçəyə çıxmaq qadağan olunmayıb. Bu günə qədər hər şey adi qaydada gedir.

- Belə çıxır ki, bu qeyri-müəyyən müddətə qədər yaranan fasilə zamanı Azərbaycanda qalası oldunuz?
- Bəli, qaldım. Virusdan qorunmaq üçün əsasən ailəmlə birlikdə evdə oluram. Bu vəziyyətdə nəsə etmək çətindir.

Digər Xəbərlər
Xəbər Lenti