Azərbaycanda iki dəfə az maaşa oynamağa razılaşdı

4 Yanvar 2020 17:55 Sabah 2 132
Azərbaycanda iki dəfə az maaşa oynamağa razılaşdı

Yeni baş məşqçinin gəlişindən sonra “Sabah”da futbolçu islahatlarının aparılacağı sirr deyildi.

Hamı kimi, Jelko Sopiç də narazı qaldıqlarının göndərilməsini istəyəcək, onların yerinə tanıdıqlarını dəvət edəcəkdi. Artıq bu prosesə start verildiyini deyə bilərik.

Hendrik Ekşteyn və Rocer Roxasla yolları rəsmən ayıran Masazır təmsilçisi artıq güclənməyə başlayıb. İlk futbolçu isə legionerdir - Mario Marina.

Fiziki göstəriciləri ilə seçilən dayaq yarımmüdafiəçisiylə növbəti mövsümün sonuna, yəni 2021-in mayına qədər müqavilə bağlanıb.

Mario 1989-cu ildə Bosniya və Herseqovinanın Buqoyno şəhərində anadan olsa da, Xorvatiya vətəndaşlığına sahibdir. Karyerası da əsasən Xorvatiya klubları ilə bağlıdır.

Peşəkar karyerasına bu ölkənin “Dinamo Knin” komandasında başladığı kimi. Sonradan “Şibenik”də forma geyinib, ardınca vətəninə - “Şiroki Briyeq”ə üz tutub.

2017-nin yayından bu yana isə Xorvatiya “Qoritsa”sının uğurları üçün tər töküb. 30 yaşlı futbolçu yaydan bəri “Qoritsa”nın aparıcı simalarından sayılıb. 13 oyunda 990 dəqiqə meydanda top dalınca qaçıb, kubokda isə 3 görüşün iştirakçısı olub.

O, 2012-ci ildən bu yana, yəni 7 il ərzində 63 dəfə sarı vərəqə ilə cəzalanıb. Avqustdan bu yana “Qoritsa”da 13 çempionat oyununda hakimlər ona 7 dəfə "sarı" göstərib.

Marionun “Qoritsa” ilə müqaviləsinin müddəti yayda başa çatmalıydı. Xorvatiyanın internet qaynaqlarında yer alan məlumatlara görə, “Sabah” onu heyətinə qatmaq üçün qarşı tərəfə müəyyən vəsait ödəyib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, o, “Sabah”a “Qoritsa”da yaşadığı problemlər səbəbindən gəlib.

Əvvəlki klubunda 12 min avro maaş alan, bununla belə, yerli rəsmilər və azarkeşlərlə arası dəyən Mario Azərbaycanda bundan iki dəfə az qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"