
Nə yoğurdum nə yapdım, hazırca kökə tapdım.
"Sabah"ın çempionatdakı çıxışı lap yuxarıdakı məsələ oxşadı.
"Tələbələr" uğursuz mövsüm keçirir. Bərabərlikləri sıraya düzən kollektiv bəlkə də Liqanın başını həftələr öncədən buraxıb.
Son 7 ayda qazanılan 5 qələbə belə düşünməyə ciddi əsas verir. Heç hər aya 1 qələbə düşmür.
Bütün diqqətlər Ölkə Kubokunun finalına yönəlib.
Həlledici görüşdə də rəqib "Qarabağ"dı.
Və bu dəmdə məlum olur ki, sona iki tur qalmış komandanın avrokuboklara getməsini rəsmiləşdirməsi üçün çempionatda şansı qalır.
Düzdü, öz əlində deyil, amma var.
Bunun üçün son iki turda qalib gəlib, "Turan Tovuz"un da məğlubiyyətlər almasını gözləmək lazımdır.
Tovuzluların son 10 görüşdən tən yarısında məğlub olub, yalnız 1 görüşdə 3 xala sevindiyini nəzərə alsaq, deməli, yuxarıdakı ehtimal heç də az deyil.
Belədə finalın nəticəsindən asılı olmayaraq Vasili Berezutskinin kollektivi avrokuboklara vəsiqə qazanmış olacaq.
Digər vacib məqam isə odur ki, hadisələr "Sabah" arzulayan səmtə cərəyan edərsə, Masazır təmsilçisi həlledici qarşılaşmaya üzərində əlavə təzyiq olmadan çıxacaq.
XANOĞLAN İMANOV