“Neftçi”də hamı dilxor oldu, sonra nələr yaşandı? - Bunlar gözdən qaçmaz!

2 May 21:00 Sabah 280
“Neftçi”də hamı dilxor oldu, sonra nələr yaşandı? - Bunlar gözdən qaçmaz!

Azərbaycan Kubokunda erkən final Masazırda baş tutdu.

"Sabah" komandası yarışın yarımfinal mərhələsinin cavab görüşündə "Neftçi" ilə qarşılaşdı.

Sözün bütün mənalarında finala layiq gün oldu.

Qarşılaşmanın start fitinə bir saatdan artıq zaman kəsiyi qalmasına baxmayaraq, artıq stadion ərazisində azarkeş izdihamı yaşanırdı.

Tribunalarda çox az sayda boş yerlər gözə çarpırdı.

Sonradan məlum oldu ki, 6600 nəfər azarkeş sayının qeydə alındığı matç ölkə kubokunun bu mövsümkü rekordudur.

Meydan sahibləri adəti üzrə bu dəfə də azarkeşlər üçün fan-zona təşkil etmişdi. Xüsusilə azyaşlı tamaşaçılar əyləncəli oyunlara ciddi maraq göstərirdi.

Ümumiyyətlə, "Sabah" tərəfi cavab oyununa xüsusi hazırlaşdığı diqqətdən qaçmadı.

Azarkeşlər pulsuz su ilə təmin edildi.

Klubun rənglərini özündə əks etdirən xoreoqrafiya hazırlanmışdı. Oturacaqlara qoyulan kağız parçalarında 1 və 60-cı dəqiqələrdə buna əməl etmələri yazılmışdı.

Yekunda keçirilən müsabiqənin qaliblərinə isə qiymətli hədiyyələr paylandı.

90 dəqiqə göstərdi ki, azarkeşlərə görə hər əziyyətə qatlaşmağa dəyər.

Boş yerə onlara futbolun bəzəyi demirlər.

Dolu tribunalar önündə oynanılan futbol da bir başqa olur. Vaxtın necə keçdiyini heç hiss etmədik.

Xüsusilə ilk 60 dəqiqə meydanda amansız mübarizə getdi.

Bu müddətdə hücumlar bir-birini əvəzləyirdi.

2 qol vuruldu, ən azı 4-5 real qol epizodlarına şahid olduq.

Təbii ki, futbolçuların bu qədər istəkli olmasında görüşün əhəmiyyəti ilə bərabər tribunaların da böyük rolu vardı.

Bəlkə son yarım saatda gücün tükənməsinə səbəb hər iki tərəfin ilk dəqiqələrdən iki qat əzmlə mübarizə aparması əsas rol oynadı.

Hakimin final fiti ilə "Sabah"ın tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazanması rəsmiləşmiş oldu.

İki oyunun ümumi görüntüsünü baxası olsaq, "tələbələr" bu qələbəni haqq edirdi.

Matçdan sonra meydanda qalan futbolçular uzun müddət tərəfdarları ilə finala vəsiqənin dadını çıxarırdı.

Avrokuboklara getmək yolunda son şansını da əldən verən "Neftçi" cəbhəsində isə hər kəs yerdə qalmışdı. Göz yaşlarına hakim ola bilməyənləri belə vardı. Axı ardıcıl ikinci mövsüm komanda avrokuboklara belə vəsiqə qazana bilmədi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti