
"Sabah" ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi"ni məğlub edərək finala vəsiqə əldə etdi.
Bu nəticə klub tarixində ilk dəfə yaşanır.
Çempionatda işləri yolunda getməyən "tələblər"in bütün ümidləri məhz bu yarışadır.
Mövsümü xilas etməyin yeganə yolu ölkə kubokundan keçir.
Klub bu yolda bütövləşib.
İlk addım finala vəsiqə qazanmaqla əldə olundu. Yekun nöqtə finalda qoyulmalıdır.
Burada isə rəqib ölkənin son illər ən güclüsü hesab edilən "Qarabağ"dır.
İlk baxışdan aşkar favorit ağdamlılardı. Düzdü, final gününə təxminən bir ay qalır.
Ona kimi çox şeylər dəyişə bilər.
Amma bir şeyi indidən dəqiq demək olar ki, "Sabah" üçün "Qarabağ" uyğun rəqibdir, nəinki "Araz Naxçıvan"
Tərəflərin qarşılaşması əksər vaxt dramatik keçir. Gərgin mübarizə ilə yadda qalır.
Və ən əsası "tələblər"in müsbət nəticəsi az deyil.
Əbəs deyil ki, son 6 matçda Vasili Berezutskinin komandası cəmi 1 dəfə "Qarabağ"a məğlub olub.
Deməli, titul şansları heç də az deyil.
Qalır buna inanmaq, güvənmək və meydanda 90 dəqiqə mübarizə aparmaq.
XANOĞLAN İMANOV