“Nə qədər çox dincəlmək istəsən, sonra bunun əziyyətini çəkəcəksən”

12 Yanvar 2023 17:20 Qəbələ 390
“Nə qədər çox dincəlmək istəsən, sonra bunun əziyyətini çəkəcəksən”

Qış fasiləsinə dördüncü pillədə yollanan, ölkə kubokunda yarımfinala yüksələn “Qəbələ” qış təlim-məşq toplanışını Antalyada davam etdirir.

Yanvarın 4-dən Türkiyədə məskunlaşan bölgə təmsilçisi yoldaşlıq görüşlərinə start verməsə də, hazırlıqlar gündə iki dəfə məşq olmaqla davam edir.

Komandanın aparıcı simalarından olan Murad Musayev Sportinfo.az-a açıqlamasında təlim-məşq toplanışı haqda fikirlərini bildirib:

“İstirahət imkanımız elə də çox olmadı. Bu, bir tərəfdən yaxşıdır.

Hər nə qədər çox dincəlmək istəsən də, sonra bunun əziyyətini çəkəcəyini düşünürsən. Çünki uzun müddət məşqsiz qalanda, bərpa olunmaq xeyli zaman alır.

Odur ki, özüm və komanda yoldaşlarım adından deyə bilərəm ki, hazırlığımız planlaşdırılan şəkildə davam edir, toplanışdan razıyıq.

Formamızı tam bərpa etmək üçün fiziki, taktiki və texniki çalışmalarda bacardığımızı ortaya qoyuruq.

Qarşıda bizi yoldaşlıq görüşləri gözləyir. Həmin oyunlardan sonra çempionat matçlarına hazır olacağımızı düşünürəm”.

“Qırmızı-qaralar” Antalyada üç yoxlama oyunu keçirəcək. Bölgə təmsilçisi yanvarın 12-də “Sepsi” (Rumıniya), 14-də “Lukenvalde” (Almaniya), 16-da “Teplitse” (Çexiya) ilə qarşılaşacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti