"Qarabağ"a qarşı meydanda coşdu, kənarda susdu - "Qəbələ"nin parlayan gənci

12 Dekabr 2022 19:00 Qəbələ 755
"Qarabağ"a qarşı meydanda coşdu, kənarda susdu - "Qəbələ"nin parlayan gənci

"Qəbələ" ölkə kubokunda "Qarabağ"a rəqib olanda şansları yüksək qiymətləndirilmirdi.

Amma 1/4 final mərhələsinin ilk matçında "qırmızı qaralar" hamını təəccübləndirən yaxşı oyunla yadda qalmağı bacardı.

Ağdamlılardan daha çox topa sahib olan, daha çox qol epizodu yaradan qonaqlar sonda 2:2-lik bərabərliyə haqqlı olaraq tam da sevinmədilər.

Oyuna damğasını vuran futbolçulardan biri isə təbii ki, gənc futbolçu Emil Səfərov oldu.

20 yaşlı yarımmüdafiəçi adlı-sanlı rəqiblə oyunda uzaq məsafədən Luka Quqeşaşvilinin qoruduğu qapının "doqquzluğ"una sancdığı qolla yadda qaldı.

"Qəbələ"nin öz yetirməsi uzun müddətdir əsas komandada çıxış edir. Zaman-zaman əsas heyət üzvünə də çevrilməyi bacarıb.

Özü ilə əlaqə saxlamaqda məqsədimiz də təkcə vurduğu qoldan yox, həm də bugünkü və gələcək karyerası barədə söhbətləşmək idi.

Lakin yeni parlamaqda olan futbolçu nəzakətlə "qardaş, çox sağ olun. Amma danışmaq istəmirəm. Hörmətlə yanaşıram, işinizi görürsüz. Ancaq inciklik olmasın" deməklə kifayətləndi.

Olsun, normal haldı. Bəzən gənc futbolçuların daha çox gündəmdə olması karyeralarına mənfi təsir etmiş olur.

Bu baxımdan adətən klub rəhbərliyi, baş məşqçi gənc oyunçusuna mətbuata danışmaq qadağası qoyur. Bu dəfə futbolçunun, yoxsa klubun qərarı olduğunu deyə bilmərəm.

Önəmli olan Səfərovun hər keçən gün yaşıl meydanlarda parlamasını görməyimizdir. Kənarda sussa olar, əsas odur meydanda coşsun. Məsələn, "Qarabağ"la oyunda olduğu kimi. Ümid edək ki, bu yolda atılan bu addım da gələcəkdə öz faydasını vermiş olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA