"Qəbələ"nin qələbəsinə mane olan CİDDİ QÜSUR

10 Dekabr 2022 23:40 Qəbələ 589
"Qəbələ"nin qələbəsinə mane olan CİDDİ QÜSUR

"Qəbələ" ölkə kubokun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ" səfərindən sərfəli nəticə ilə qayıtmağı bacardı - 2:2.

Əslində daha öncədən cütün favoriti göstərilən ağdamlıların ilk matçdaca ağırlığını ortaya qoyacağı gözlənilirdi.

Amma startda tam başqa mənzərə ilə rastlaşdıq. "Qırmızı qaralar" daha çox topnan oynayan tərəf idi.

Elə qol vəziyyətləri yaratmaq baxımından da Elmar Baxşıyevin yetirmələri üstün görünürdü.

Bunun məntiqi nəticəsi olaraq matçdakı ilk qol onlardan gəldi. Emil Səfərov uzaqdan möhtəşəm zərbə ilə topu doqquzluğa sancdı. Qonaqlar qoldan sonra da rahat oynamağa davam etdi.

Musa Qurbanlının vurduğu bərabərlik qolu da onların əhvalını korlaya bilməmişdi.

Ancaq hər şey 68-ci dəqiqəyə kimi belə davam etdi. Eyni anda Qurbanovun Kadi Borges, Abdullah Zubir və Elvin Cəfərquliyev üçlüsünü meydana buraxması vəziyyəti kökündən dəyişmiş oldu.

Təsəvvür edin ki, yuxarıda adıçəkilənlərin meydana çıxması fonunda Baxşıyev heç bir əks əvəzetmə həyata keçirmədi. Daha doğrusu keçirə bilmədi. Çünki yanında matça önəmli qatqı qata biləcək kimsə yox idi.

Kadi və Zubir meydana çıxır, amma sən eyni heyətlə davam edirsən. Bu, çox ciddi qüsurdu.

Ümumiyyətlə, indiki "Qəbələ"nin elə ən böyük eyibi ehtiyat skamiyasının məhdudluğudur. Belə rəqiblə oyunda isə nöqsan çılpaqlığı ilə aşkara çıxır.

Ən yaxşı halda əsas heyət düzəlir. Zədəli, cəzalı olanda o da mümkünsüzə çevrilir.

Əks həmlə imkanı olmadığından ikinci qol da özünü çox gözlətmədi. Qurbanlının dublu komandasının hesabda önə keçməsinə səbəb oldu.

Amma ən azı bərabərliyi haqq edən "Qəbələ"nin dadına son dəqiqələrdə Omar Hani çatdı. Gözəl qurulan hücumu İordaniyalı legioner qolla tamamladı.

Bu qol müəyyən ümid versə də, görünən odur ki, cavab görüşündə "Qarabağ" əsas heytlə meydana çıxsa növbəti mərhələ arzusu iki qat çətinləşmiş olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA