“Qəbələ”nin “Azərsun Arena”da “Qarabağ”la oyunda uzun müddət hesabda öndə olub, yekunda meydanı bərabərliklə tərk edəcəyi çətin kiminsə ağlına gələrdi.
Komandalar arasında aşkar büdcə, səviyyə və təcrübə fərqi meydan sahiblərinin ölkə kubokunun ¼ final mərhələsinin ilk matçında ağdamlıların rahat qələbəsindən xəbər verirdi.
Lakin bölgə təmsilçisi proqnozları alt-üst edərək sərgilədiyi inamlı və məzmunlu oyunla rəqibini ilk dəqiqələrdən şoka salmağı bacardı.
Elmar Baxşıyevin yetirmələri meydanın hər qarışında pressinq edir, “Qarabağ”ın üzvlərinə topla davranmağa imkan vermir, fürsət düşdükcə Luka Quqeşaşvilinin qoruduğu “çərçivə”ni yoxlayırdı.
“Qəbələ” ortaya qoyduğu oyunla məğlubiyyəti haqq etmirdi və yekunda ədalət Tanrısı qonaqların tərəfində olduğunu göstərdi.
Qarşılaşma başa çatandan sonra qəbələli futbolsevərlərin sevincini görməyə dəyərdi. Klubun sosial şəbəkə hesabındakı paylaşımların rəy bölümündə yazılanlar fanatların “Qəbələ”dən daha artığını gözlədiyini düşünməyə əsas verir:
“Elon Mask gəlməmişdən əvvəl Emilə raketi sınaq üçün göndərib. O idi qapıya gedən”.
“Aslanlar, maşallah! Cavab oyunu da belə olar, inşallah. Növbəti mərhələyə “Qəbələ”miz keçər”.
“Əla idiniz bu gün. Hamı meydanda can qoydu. Bütün oyunlarda belə olun”.
“Məncə, “Qəbələ” cari mövsümdə ən yaxşı oyununu göstərdi. Meydanda həqiqi mübarizə oldu, rəqibə oynamaq imkanı vermədik, müdafiədə etibarlı göründük, sürətli hücumlar qurduq və s.
Başda Elmar Baxşıyev olmaqla komandanı keyfiyyətli oyun münasibəti ilə təbrik edirəm. Bu oyunda Əliyar Ağayevin yarıtmaz hakimliyi və şanssızlıq qalibiyyətimizə əngəl oldu”.
“Bəzi ağzı göyçəklər deyəcək “Qarabağ” oynamadı”.
“Həmişə belə oynayın. Çoxdandır belə oyun görmürdük”.
“Əla performans göstərdilər. Halal olsun!”
“Bu heç-heçə qələbəyə bərabər idi”.
“Qəbələdə də bu cür oynasaq, “Qarabağ”ı keçəcəyik”.
“Məqsədin ötürməsinin, Emilin qolunun oxşarlarını Qətərdəki dünya çempionatında görə bilirik”.
Dekabrın 8-də “Qarabağ”la “Qəbələ” arasında keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. Cavab qarşılaşması dekabrın 19-da Qəbələdə keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

