İnsafın heç yoxmu sənin?

4 Dekabr 2022 10:40 Qəbələ 493
İnsafın heç yoxmu sənin?

«Qəbələ» evdə «Səbail»i əlindən qaçırmadı.

Hesabı asan tərəf qonaqlar oldu, qalib gələn onlar.

Yenə səhnə Ülvi İsgəndərov çıxdı. Zənnim məni yanıltmırsa, bu, adını çəkdiyim hücumçunun cari mövsüm komandasına qazandırdığı üçüncü 3 xal oldu.

Həmişəkitək, oyunun son bölümündə meydana ayaq basan Ülvi ikinci qolu Emil Balayevin qoruduğu qapıdan keçirdi.

O, fərqləndiyi epizoda bir elə sevinmədi. Sakitcə qeyd etdi. Narazı baxışlarla texniki zonanı süzdü və başını aşağı saldı.

Heç düşmənimə də Ülvinin yerində olmasını arzulamıram. Doğrudan da, bu hücumçuya «Qəbələ»də haqsız münasibət göstərilir.

Elmar Baxşıyev ona layiq olduğu dəyəri vermir. Hər oyuna ehtiyatda başlamaq, fasilədən sonra meydana çıxmaq istənilən futbolçuda xoşagəlməz hisslər yaradır və daim qarışıq fikirlər içində qalır, özünə yer tapmır.

Ülvi bunca ayrı-seçkiliyə, barmaqarası yanaşmaya dözüb, vallah, qibtə edirəm ona.

Ruan Renatonun qorxusundan onun həmyerlilərini daim start heyətinə daxil edən Elmar Baxşıyev Ülvi İsgəndərova nə verib, nə ala bilmir, anlaşılmazdır.

Qaydalar imkan versə, baş məşqçi zədəli Rafael Utrix üçün meydançada çarpayı düzəldər, deyər, sən ölənlərinin goru, nə edirsən et, istəyirsən yat, istəyirsən yerində salto vur, amma burada ol, gözümün qabağında.

Braziliyalıdır axı, ona hər şey olar. Ülvi isə bizim öz futbolçumuzdur, xilaskar olsa da, paltardəyişmə otağından hamıdan axırda çıxmalıdır.

Halbuki «Səbail»in, «Sumqayıt»ın, «Turan Tovuz»un formasını geyinsəydi, ayağının altına qırmızı xalça sərərdilər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!