“Rəqibin hazırkı vəziyyəti, keçirdiyi yoxlama oyunları haqda məlumatlıyıq“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Konfrans Liqasının təsnifat mərhələsinin “Fehervar”la matçları haqda fikirlərini bölüşən mütəxəssis Macarıstan klubunun heyətini kifayət qədər gücləndirdiyini bildirib:
“Fehervar“ geniş büdcəyə, çoxlu sayda legionerə sahibdir. Uzun illərdir ki, Macarıstan çempionatında çıxış edirlər, iddialıdırlar.
İstər yerli, istərsə də əcnəbi futbolçuları təcrübəlidir. Sürətli və istəkli komandadır. Keçirdikləri yoxlama oyunlarını, çalışmışıq ki, izləyək.
Onlar haqda əsas məlumatları toplamağa başlamışıq. Bizə çətin olacaq. Rəqibin baş məşqçisinin verdiyi açıqlamalardan da görünür ki, məqsədləri Konfrans Liqasında bacardıqca irəli getməkdir.
“Fehervar“ın zəif nöqtələri azdır. Atletik futbola üstünlük verirlər. İmkanlı klub olduqlarından, istədikləri bütün tranfserləri edə bilirlər.
Aldıqları futbolçuların qiymətləri də yüksəkdir. Sözsüz, biz də əl-qolumuzu yanımıza salmayacaq, müsbət nəticə qazanmağa çalışacağıq“.
"Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də Macarıstanda, cavab görüşünü bir həftə sonra evdə keçirəcək.

