“Komandada möhtəşəm ab-hava var.
Hamı məsuliyyəti dərk edir və buna görə də gərgin məşqlərdə bacardığımızı artıqlaması ilə ortaya qoymağa çalışırıq”.
“Qəbələ”nin aparıcı futbolçularından olan İsnik Alimi Sportinfo.az-a açıqlamasında komandasının Boludakı təlim-məşq toplanışını şərh edib.
Bölgə təmsilçisi ötən mövsümü 4-cü pillədə başa vurub Konfrans Liqasına vəsiqə qazansa da, komandada müəyyən dəyişikliklər olub.
Dəqiq desək, kollektivə bir neçə futbolçu qoşulub ki, onların uyğunlaşması müəyyən vaxt aparacaq.
Makedoniyalı yarımmüdafiəçi bu yöndə hansısa problemlə üzləşəcəklərini düşünmür:
“Yeni futbolçular komandaya uyğunlaşma prosesini uğurla davam etdirməkdədir. “Qəbələ”də vəziyyət elədir ki, adaptasiya problem deyil. Sanki neçə illərdir birliklə çıxış edirik.
Bu dəqiqə ən böyük arzumuz təlim-məşq toplanışını zədəsiz və itkisiz başa vurmaqdır. Çünki Konfrans Liqasında hər bir oyunçu bizim üçün olduqca vacibdir.
Qarşıda 10 gündən artıq vaxtımız var. Oyun gününə qədər indikindən də yaxşı formada olacağımıza əminəm”.
İsnik Alimi “Qəbələ”dəki debüt mövsümündə Premyer Liqada 28 oyunun 27-də meydanda olmaqla 8 qola imzasını yazdırdı ki, bununla da komandasının ən sərrast futbolçusu oldu.
Ölkə kubokunda isə 5 qarşılaşmada 2 dəfə fərqlənməklə yadda qaldı.
HƏBİB

