“Qəbələ” və AFFA rəhbərliyi arasında narazılıq yaranıb.
Buna səbəb federasiyanın klub qarşısında götürdüyü maliyyə öhdəliklərini vaxtında yerinə yetırməməsidir.
Belə ki, Konfrans Liqasında çıxış edəcək “qırmızı-qaralar” vəsait çatışmazlığı ilə üzləşib.
Bölgə təmsilçisi hazırda əsasən daxili imkanları, yəni, digər sponsorlarının hesabına transfer bazarlığı eləyir. Boluda təşkil olunan təlim-məşq toplanışı da AFFA-dan maddi dəstək almadan həyata keçirilib.
Halbuki Türkiyə səfərinin baş tutması da son ana kimi sual altında idi. Qəbələlilər təyyarə biletlərinin və otelin pulunu tapa bilməsəydi, toplanış təxirə salınacaqdı.
AFFA 2 ildir ki, “Qəbələ”yə yardım paketi ayırır. İlk partiyada 1,5 milyon, ötən sezon isə 2 milyon manat bu məqsədlə əyalət klubuna ödənilib.
Federasiya qarşıdakı “futbol ili”nə görə “qırmızı-qaralar”a nə qədər məbləğ sərf edəcəyini hələ müəyyənləşdirməyib.
Günü günə satır, hər dəfə müxtəlif bəhanələrlə prosesi uzadırlar. Əlbəttə, qeyri-müəyyənlik daha uzana bilməz, başqa sözlə, bıçaq artıq boğaza dirənib.
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov da elə bunu AFFA-nın yeni baş katibi Sərxan Hacıyevə izah etməyə çalışıb. Ikincinin nala-mıxa vurması klub rəhbərini hiddətlənib və söhbət, belə demək mümkünsə, mübahisəyə çevrilib.
Nəcəfovun gətirdiyi arqumentlər qarşısında söz tapa bilməyən Hacıyev sonda geri çəkilib, problemin həllində gücsüz olduğunu bildirib
SPORTİNFO.AZ

