“Qəbələ”nin futbolçusu yerli və xarici klubların maraq dairəsinə düşüb.
Söhbət cari mövsümdə “Qəbələ”dəki inamlı oyunu ilə diqqətləri üzərinə çəkən Emil Səfərovdan gedir.
Elmar Baxşıyevin bölgə təmsilçisində ən çox güvəndiyi gənc olan 19 yaşlı yarımmüdafiəçi ilə “Neftçi”nin çoxdan maraqlandığı dəqiqdir.
“Neftçi”nin hazırkı idman direktoru Zaur Əzizov “Qəbələ”də işlədiyi vaxtdan Emini yaxşı tanıyır ki, gənc futbolçunun yayda “ağ-qaralar”a keçidi inandırıcı görünür.
Aleksey Baqaya növbəti mövsüm üçün iddialı komanda söz verən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev də Səfərovu komandasına cəlb etmək üçün hərəkətə keçib.
Emillə Polşadan da maraqlanırlar. Belə ki, adıçəkilən ölkənin ikinci liqasında yarışan köklü Vidzvev (Lodz) azərbaycanlı futbolçunun xidmətində maraqlıdır.
Səfərovun “Qəbələ” ilə müqaviləsinin davam etməsi polyakları yaya qədər gözləməyə məcbur edir. Lakin “Vidzev” “Neftçi” ilə “Sumqayıt”dan fərqli, keçidə görə böyük məbləğ ödəmək iqtidarında deyil.
2002 doğumlu Emil Səfərov Premyer Liqada cari mövsümdə debüt etməklə 12 oyunda 1 qol vurub.
O, ölkə kubokunda 4 oyunun iştirakçısı olub, Gənclər Liqasında “Qəbələ” U-19-nun heyətində “Alkmaar”a qarşı çıxış edib.
HƏBİB / SPORTİNFO.AZ

