«Təbii ki, ödəmənin gecikməsi klubumuza narahatlıq yaradır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Nail Kərimov deyib.
Bu ilin əvvəlində görəvə gələn funksioner AFFA-nın üzərinə götürdüyü maliyyə öhdəliyini yerinə yetirməməsinə münasibət bildirib. O, federasiyanın 2 aydır öləmələri gecikdirməsinin kluba mənfi təsirinə diqqət çəkib:
«Hamı maaşını gözləyir – təhcizatçılar da, işçilər də. Bilirsiz ki, mən «Qəbələ»nin ən stajlı işçilərindən biriyəm. İndiyədək bizim klubda belə bir halın baş verməsini xatırlamıram.
Bu qədər maaş gecikməsi olmamışdı. Bəzən digər klubları nümunə göstərirlər ki, filan yerdə də gecikmə var.
Bu, bəlkə də həmin klubda adət halına çevrilib. Maliyyə ödəmələrinin gecikməsi bizdə ilk hal olduğundan, bu cür çətinliklər yaranır.
Gözləyirik ki, AFFA verdiyi sözü nə vaxt yerinə yetirəcək. İnanmıram ki, gələn mövsüm belə bir hal təkrar yaşansın.
Mənə elə gəlir ki, bu, bir dəfə xas olan gecikmədir. AFFA iki mövsümdür «Qəbələ»yə maliyyə yardımı ayırır və indiyədək olan gecikmələr qısa gecikmələr idi.
Birinci dəfədir ki, AFFA ödəmələrdə yubanır. Ümid edirik ki, bu hadisə bir daha təkrarlanmaz».

