“Qəbələ”nin bu hala düşməsi ilə bağlı MARAQLI İDDİA

30 Aprel 2022 18:00 Qəbələ 1 258
“Qəbələ”nin bu hala düşməsi ilə bağlı MARAQLI İDDİA

“Qəbələ” ölkə kubokuyla vidalaşdı.

Bölgə təmsilçisinin hələ “Qarabağ”a rəqib olduğunu bilinəndə sonluğun bu cür yekunlaşacağı məlum idi.

Qəbələli fanatların ümidi futbol xoşbəxtliyinə idi ki, o da hər imkanda baş vermir.

Onsuz da “qırmızı-qaralar” gözünü Premyer Liqaya dikib. Mövsümə əla başlayan, qış fasiləsinə qədər hər kəsi təəccübləndirən komandanın vəziyyəti yeni ildə pisləşdi.

Heyəti kifayət qədər gücləndirə bilmədilər, itkilər də müxtəlif oyunlarda sözünü dedi. Yekunda 2-ci, ardınca 3-cü yer əldən getdi. İndi də top fərqinə görə “Sabah” 4-cü sırada yer alıb.

Heyətin kasad olması öz yerində. Gözlə görünməyən ən böyük problem futbolçuların maaşının verilməməsidir.

Məsələyə “futbolçunun canını al, amma pulunu kəsmə” prizmasından yanaşsaq, “Qəbələ”də az maaşa oynayanların, xüsusən də legionerlərin psixoloji cəhətdən hansı durumda olduğunu anlamaq çətin deyil.

Pulu verən AFFA-dır. Pulu yubadan da AFFA oldu.

Qəbələdə futbola könül verənlərdə, hətta komanda daxilində bəzi insanlarda AFFA-nın bölgə təmsilçisinə ayrılan pulu bilərəkdən yubatdığı iddia olunur.

Ki, daxildə vəziyyət korlansın, pul davası etsinlər, Elmar Baxşıyev futbolçuları divara qısnaya bilməsin.

Öz aramızdır, maaş almayan işçini müdir hansı üzlə işlədə bilər? 1 gün, 5 gün, 10 gün. Daha 2 ay yox.

Görəsən, maaş gecikməsi niyə həlledici dönəmə təsadüf etdi? Pul gecikməsinin səbəbi nədir?

Digər klublarda da vəziyyət “Qəbələ”dəki kimidir?

Qəbələlilərin iddiası inandırıcı olsa da, adam inanmaq istəmir. “Qəbələ”nin əvvəlki və indiki halına baxanda adamın ürəyi ağrıyır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti