“Qəbələ” Premyer Liqa klubları arasında “Klub tərəfdaşı ilə birgə sosial media aktivasiyası” üzrə mart-aprel aylarında keçirilmiş qrant müsabiqəsinin qalibi olub.
Bu, UEFA Grow və RESULT Sports rəqəmsal agentliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Klub Dəstək Proqramı çərçivəsində sosial media mövzusunda keçirilən seminarda açıqlanıb.
Qəbələnin eyniadlı klubu tərəfindən təqdim edilmiş “Sağlam İnkişaf” layihəsi münsiflər heyətinin sesverməsinin nəticəsində qalib olub. Qalibə AFFA tərəfindən layihənin reallaşdırması üçün 5000 AZN məbləğində qrant ayrılacaq.
Seminardan sonra UEFA Grow və RESULT Sports rəqəmsal agentliyinin rəhbəri Mario Leo, Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev, AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin mütəxəssisi Ağababa Nəcəfzadə və UEFA Milli Assosiasiyaların İnkişafı Şöbəsinin meneceri Aleksandr Kuçeravyi Qəbələyə səfər edib.
Qonaqlar klubun bazası ilə yaxından tanış olublar. Səfər zamanı klub nümayəndələri ilə media və marketinq mövzusunda fikir mübadilələri aparılıb. Mario Leo və Aleksandr Kuçeravyiyə klubun formaları hədiyyə olunub.
“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev layihənin məqsədi barədə Sportinfo.az-a bunları söyləyib:
“Bu, klubumuzun tərəfdaşı olan hospitalla birgə baş tutacaq bir layihədir. Layihəyə əsasən, birlikdə video-çırxlar hazırlanacaq.
O video-çarxlarda gənc futbolçuların düzgün inkişafı hədəf alınır. Burada hansısa standart tibbi sahədən söhbət getmir.
Layihə müxtəlif sahələr üzrə uşaqların doğru inkişafına, sağlam və güclü futbolçu kimi yetişməsinə dəstək xarakteri daşıyır. Söhbət həm psixoloji, həm də fiziki olaraq doğru inkişafdan gedir.
Hospitalın peşəkar mütəxəssisləri istər uşaqları, istər yeniyetmə və gənc futbolçuları, istərsə də onların valideynlərini, bu sahədə o qədər də təcrübəsi olmayan həkim və fizioterapevtləri maarifləndirəcək.
Dieotoloqlar, psixoloqlar, travmatoloqlar, ilkin təcili tibbi yardım – layihə bütün bu istiqamətləri əhatə edəcək.
Bunların hamısı video formatda olacaq. Proses həm klubumuzun, həm də hospitalın slsial şəbəkə hesablarında işıqlandırılacaq, böyük kütləyə çatdırılacaq.
AFFA-nın ekspertləri də, biz də ümidvarıq ki, bu layihə gənc futbolçu nəslinin inkişafına zərrə qədər də olsa, kömək edəcək“.

