"Qəbələ" mövsümə əla start vermişdi.
Heç kimin gözləmədiyi halda kollekiv qələbələri sıralamağa başladı.
Davamlı ilk dördlükdə qərar tutan bölgə klubu bəzən lider kürsüsündə belə oturmağı bacarırdı.
Hər şey 17-ci tura kimi əla davam etdi. Məhz bu turdan sonra "Qırmızı-qaralar"ın qara günləri başladı.
Ardıcıl xal itkiləri bir-birini əvəzləməyə başladı. Təsəvvür edin ki, 17 tura 3 məğlubiyyət alan (Biri "Qarabağ"dan, digər ikisi "Sabah"dan) kollektivin son 7 turda aktivində 4 məğlubiyyət var. Ümumiyyətlə isə son 7 turda cəmi 3 xal əldə etmək mümkün olub.
Bəs birdən-birə nə baş verdi ki, Elmar Baxşıyevin yetirmələri belə acınacaqlı durumla üz-üzə qaldı?
Bunun müxtəlif səbəbləri var. Əvvəla əksəriyyət sona yaxın komandada güc tükənməsinin reallaşacağını proqnozlaşdırırdı.
Ki, heyət kasaddır, zədəlilər və cəzalılar var. Bu ehtimal özünü ən yüksək səviyyədə göstərməkdədir. Xüsusi ilə də "Sumqayıt" (1-1) və "Səbail"lə (0-3) matçlarda bu özünü qabarıq göstərmiş oldu.
Müəyyən qədər şanssızlıq yaşandığı məqamlarda da oldu. Məsələn, "Şamaxı"ilə (əvvəlki adı "Keşlə") görüşdə komanda ideala yaxın oyun göstərsə də qələbə qazana bilmədi. Minimim 3 dəfə vurulan zərbələr dirəkdən qayıtdı.
Amma uğursuz gedişata yalnız yuxarıda sadaladıqlarımız amillər səbəb oldu da demək olmaz. Burda başqa gizlinlər də var.
Məsələn, maaşların vaxtında verilməməsi və hakim səhvləri...
AFFA-dan ödəmələrin gecikdirilməsi səbəbindən 2 aydı futbolçular pul üzünə həsrətdir. Təsəvvür edin, mükafatların verilməli olduğu həssas periodda kollektiv heç öz quru maaşını ala bilmir.
Bunun mənfi psixoloji təsirləri barədə yəqin ki, geniş danışmağa ehtiyac yoxdur. Sizcə, maaşların iki ay gecikməsi və elə həmin 2 ay müddətində "Qəbələ"də qələbə həsrətinin yaşanması təsadüfdü? Əsla!
Sizi əmin edirəm ki, 2 aylıq gecikmə olmasaydı, matçlara normal mükafatlar təyin edilsəydi son 7 qarşılaşmada 100% 4 məğlubiyyət yaşançayacaqdı. Heç 3 bərabərlik də qeydə alınmayacaqdır.
Bir də hakim səhvləri haqqında danışmasaq olmaz. Verilməyən penallar, lazımsız vərəqələr, qayda pozuntularından sonra buraxılan qollar və.s.
Bunlar da hakimlərin "Qəbələ"nin uğursuzluğunda olan müstəsna "payı"dı. Olan isə möhtəşəm mövsüm keçirən Elmar Baxşıyev və yetirmələrinə olur.
Cəmi bir neçə tur əvvəl avrokubokların qapısını aralayan komanda bu gün kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Kimlərinsə qərəzi, səhvi üzündən.
Bəli, "Qəbələ"nin qələbə ruhunu əlindən belə oğurladılar. İndi isə bərpa etmək çətin görünür. Təki yanılaq...
XANOĞLAN İMANOV

