“Özlərinə də deyirdim ki...” – “Qəbələ”nin unudulmazı problemin kökünü açıqladı

17 Aprel 2022 10:40 Qəbələ 702
“Özlərinə də deyirdim ki...” – “Qəbələ”nin unudulmazı problemin kökünü açıqladı

“Çempionatın startından bu yana “Qəbələ”nin uğurlu çıxışını görənlər bunun müvəqqəti xarakter daşıdığını düşünürdü”.

Uzun illər bölgə təmsilçisinin uğurları üçün tər tökmüş, kapitan sarğısını qolunda daşımış Cavid Hüseynov sabiq komandasının hazırkı durumunu Sportinfo.az-a açıqlamasında şərh edib.

Futbolçu karyerasını başa vurandan sonra “Cəbrayıl” klubunu təsis edən sabiq “14 nömrə” “Qəbələ”nin çıxışı haqda danışıb.

Hüseynov “qırmızı-qaralar”ın qış fasiləsindən sonra uğursuz təsir bağışlamasının səbəbini də söyləyib.

“Çempionatın gedişi göstərdi ki, “Qəbələ”nin parlaq çıxışı və inamlı nəticələri təsadüfi deyil.

Çempionat uzun marafondur. Sona qədər ayaq üstə qalmaq üçün ehtiyat oyunçular skamyası geniş olmalıdır.

“Qəbələ”nin yaxşı heyəti var. Oradakı futbolçuların 90-95 faizi ilə yaxınam. Tez-tez görüşür, söhbətləşirik. Özlərinə də deyirdim ki, ikinci pillədəki mövqeyinizi qorumaq öz əlinizdədir.

Təkcə avrokuboklara vəsiqə qazanmağı yox, medal qazanmağı düşünün, ikinci sıranı əldən verməyin. Sadəcə, bir az xarakter göstərmək lazımdır.

Mənə görə “Qəbələ”nin əsas problemi ehtiyat oyunçular skamyasının kasad olmasıdır. “Səbail”lə oyunda Ruan Renatonun olmaması özünü aşkar göstərirdi.

Bir daha əmin olduq ki, Ruan komandanın dirəyidir, yarısıdır. Lap olsun Fernan Lopesi, yaxud İsnik Alimi.

Aparıcı fiqurlardan hansısa biri oynamayanda işləri çətinləşir. Çünki ehtiyatda onları əvəz edə biləcək təcrübəli futbolçu yoxdur.

“Qəbələ”nin gəncləri gözlərimizin önündə böyüyən uşaqlardır. Xoş gələcək vəd edirlər, amma belə vəziyyətdə təcrübə önəmlidir. Fikrimcə, heyət geniş olsaydı, daha artığını etmək olardı”.

Cavid Hüseynov 2014-2019 və 2020-2021-ci illər aralığında şərəfini qoruduğu “Qəbələ”də 156 oyunda meydana çıxmaqla rəqib qapılarından 21 top keçirib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti