Baxşıyev və yetirmələrini gözləyən "6 addımlıq" yol

16 Aprel 2022 18:00 Qəbələ 695
Baxşıyev və yetirmələrini gözləyən "6 addımlıq" yol

"Qəbələ" Premyer Liqanın 23-cü turunu da qələbəsiz başa vurdu.

Doğma meydanda "Sumqayıt"ı qəbul edən komanda yalnız son dəqiqələrdə İsnik Aliminin kuryoz qolu sayəsində məğlubuyyətdən qurtula bildi - 1:1.

Bu, ardıcıl 6-cı görüş oldu ki, komanda 3 xala həsrət qalmış olur. Mövsüm ərzində buna yaxın ən uzun seriya 3 matç olub. 5-7-ci turları əhatə edən 3 turluq qələbə həsrətində komanda 2 bərabərliyə şükür etməli olmuşdu.

İndi isə durum daha qəlizdi. Son 6 turda bölgə klubunun aktivində 3 məğlubiyyət və 3 bərabərlik var. Avrokuboklara bilet əldən çıxmağa doğru gedir. Axı nə baş verir ki, birdən-birə belə eniş yaşanır?

Əslində diqqət etsək ciddi heç nə baş verməyib. Həmin heyət, həmin rəqiblərdi. Hətta daha əvvəl "Qəbələ"nin 4-0 udduğu "Sumqayıt", 5-0 udduğu "Səbail" indi daha zəifdir.

Ancaq komanda bu görüşlərdə də xal itirdi. Ki, futbolçular yorulub. Başqa səbəb tapa bilmirəm.

Son iki tura kimi oyun vardı, nəticə yox. Bunun adını şanssızlıq qoymuşdum. Amma son iki turda "Qəbələ"də alışdığımız oyunu da görmədik.

"Sumqayıt"la matçda məğlub durumda olan Elmar Baxşıyevin yetirmələri bəzən meydanda gəzirdilər. Qaçmağa, təzyiq etməyə, yeni hücumlar dalğası yaratmağa sanki halları yox idi.

Hətta Alimi bərabərlik qolundan sonra meydanın mərkəzinə yeri-yeriyə qayıdırdı. Təəccübləndim? Qəti! Mövsümün əvvəlindən bunu gözləyirdim.

Bu qədər kasad heyətlə bütün mövsümü "Qarabağ", "Zirə", "Sabah", "Neftçi" kimi geniş heyətə sahib komandalarla mübarizə aparmaq, önə çıxmaq mümkünsüz kimi görünürdü.

Sadəcə "Qəbələ"li futbolçular damla-damla, addım-addım bizi buna inandırmağı bacarmışdılar. Ta ki, sona "6 addım" qalana kimi.

Hamımıza qaranlıq görünən bundan sonrakı "6 addımlıq" yolu da məhz elə həmin Baxşıyev və komandası işıqlandıra bilər.

Ümumiyyətlə, o işığın varlığına, ancaq onlar inana bilər. Ki, mümkünsüz görünəni yeni reallığa çevirə bilsinlər.

XAOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti