“Qəbələ”nin qış fasiləsindən sonra inamsız təsir bağışlaması bu komandaya azarkeşlik edən insanlarda müəyyən narahatlıq yaradıb.
Qış fasiləsinə qədər ikinci pilləni rəqiblərinə güzəştə getməyən bölgə təmsilçisi indi dördüncü sırada yer alıb ki, qələbələri sıralayan “Sabah”ın irəliləyən turlarda “4-lük”də yer alacağı inandırıcı görünür.
Belədə “qırmızı-qaralar” nəinki medal qazanmaq şansını əldən verə, hətta avrokuboklardan kənarda qala bilər. Qarşıdan isə gərgin həftələr, sıx qrafik gəlir.
Maraqlıdır, “Qəbələ” bu gedişlə mövsümün sonunda beynəlxalq arenalara vəsiqəni təmin edə biləcəkmi?
Komandanın düşdüyü vəziyyətdən çıxışı mümkün görünürmü? Ümumiyyətlə, bölgə təmsilçisi ilə bağlı proqnozlar necədir?
Bu suallarla vaxtilə “Qəbələ”nin kapitan sarğısını qolunda daşımış Cavid Hüseynova müraciət etdik.
Hazırda Region Liqasında mübarizə aparan “Cəbrayıl”ın prezidentinin cavabı belə oldu:
“Ən böyük istəyim “Qəbələ”nin uğur qazanıb, avrokuboklara vəsiqə qazanmasıdır. İnşallah, belə də olar.
Bu komandanın karyeramda və şəxsi həyatımda hansı yer tutduğunu məni yaxından tanıyanlar bilir.
Əslində, bu gün “Qəbələ”nin “4-lük”də olub-olmayacağını yox, gümüş medal qazanıb-qazanmayacağını müzakirə etməli idik.
Çünki bunun üçün əla imkan var idi. Fikrimcə, “Qəbələ” əvvəki kimi xoş təsir bağışlamaqda davam edəcək”
“Qəbələ” qış fasiləsindən sonra Premyer Liqada meydana çıxdığı 8 oyunun 2-də qələbə qazanıb, 2-də heç-heçə edib, 4-də məğlub olub.
HƏBİB / SPORTİNFO.AZ

