Mövsümün ilk yarısında şən futbolundan ağızdolusu bəhs etdiyimiz «Qəbələ» ortalıqdan yox olub.
O şən futbolun yerini qəmgin futbol tutub.
Qələbə həsrəti 5 tura çatıb, Elmar Baxşıyev hələ də «qara zolaq»da olduqlarını qəbullanmaq istəmir, bununla bağlı suallara əks cavab verir. Onun komandasına inanması yaxşı haldır, amma…
Hər şey öz vaxtında və yerində gözəldir. «Qara zolağ»a düşməyi etiraf eləməsə də, ötən mövsümün final bölümünü yadına salmasını Baxşıyevə tövsiyə edərdik.
«Qəbələ» keçənilki çempionatın dördüncü raundunda bu enişi yaşamış, ən az xal toplayan iştirakçılardan biri olmuşdu.
Ona məsləhət görərdik ki, ən birinci xətasını burada axtarsın. Niyə eyni hal təkrarlanır deyə. Baxşıyev bu suala özlüyündə cavab tapmasa, məşqçi kimliyi ətrafında yaranmış söz-söhbətlərə, mübahisələrə son verə bilməyəcək.
Hər ötən gün bir daha bəlli olur ki, «Qəbələ»nin ürəyi, canı, qanı Zaur Əzizov imiş.
O, nə qədər ki burada idi, komanda da Elmar Baxşıyevin ixtiyarında idi. Zaur Əzizovun gedişindən sonra Elmar Baxşıyevın da sanki əl-qolu bağlanıb, yanına düşüb.
Güclü stress yaşayır. Bu, ötən həftə yayılan xəbərdən də özünü bəlli etdi. Avrokuboklara vəsiqə qazanılmayacağı halda, yerinə Ramin Quliyevin gətiriləcəyini anons etmişdik, klub 2 gün sonra yeni açıqlama ilə gündəmi dəyişdirməyə çalışdı.
Hazırkı məşqçi korpusu ilə müqavilənin 1 illik yenilənməsinə dair informasiya verdilər.
Baxşıyev və 3 köməkçisinin şəklini bir yerdə yaydılar, qoy, indi onlardan biri çıxıb göstərsin ki, yeni müqaviləyə nə vaxt imza atıblar və ya ümumiyyətlə, o imzanı atıblarmı?
Bu, komandanı sakitləşdirmək, atmosferin bir-birinə qarışmasını önləmək, eyni zamanda, medianın doğru məlumat yaymadığını göstərmək üçün atılmış addım idi.
Son rəsmi bildirişin arxasında heç bir sübut dayanmır. İnişil «Neftçi» yönətimi də eyni səpgili açıqlama ilə gündəmə gəlmişdi.
Roberto Bordini əvəzləmiş köməkçisi Füzuli Məmmədovla 2 illik müqavilə bağladıqlarını mətbuata bəyan etmişdilər. Üstündən 6 ay ötdü, Samir Abbasovu görəvə gətirdilər.
«Neftçi» Məmmədovun təqdimatını edəndə yay fasiləsi idi, indi isə sezonun yekun vurulmasına sayılı həftələr qalıb. «Qəbələ» Baxşıyevlə yola davam qərarını həqiqətən vermişdisə, bunu ya yeni ilin ilk ayında açıqlamalı idilər, ya da mayın sonunda.
Torbada pişik yoxdursa, apreldə belə bir xəbər yaymaqda məqsəd nədir, görəsən? Bununla ictimaiyyətə nə mesaj vermək istədiklərini izah etsinlər, bir zəhmət!
«Qəbələ»nin əksər futbolçuları baş məşqçi dəyişikliyinə qarşıdır. Baxşıyevin qalmasından yanadırlar.
Çünki o, onlarla yumşaq davranır. Bu, insani istəkdir. İşin professional tərəfində isə bir boşluq nəzərə çarpır.
Baxşıyevin həftəlik və yalıq çalışma proqramında hansısa boşluqlar mövcuddur və bu, indiki məqamda - sezonun ən həssas çağında komandanın eniş yaşamasını şərtləndirir.
Futbolçuların mövqeyini dəyişmək. Ülvi İsgəndərli kimi aktivində 6 qol olan hücumçunu hər dəfə ehtiyatda saxlamaq Baxşıyevin anlaşılmaz qərarları sırasındadır.
Üçüncü zonada qeyri-müəyyənlikdir: bilinmir hücumun sivri ucunda Rafael Utrixi oynayır, ya qeyrisi. Ruan Renato meydanda yoxdursa, «Qəbələ» də meydanda yoxdur.
Bir komanda Renatodan bu qədər asılıdırsa, demək ki, Baxşıyev taktiki və fiziki hazırlıqlı məşq proseslərini də düzgün tənzimləməkdə də problem yaşayır.
Xəzər Hikmət

