«Mən bu gün də fikrimdə qalıram ki, o, sorn vaxtlar Azərbaycana gəlmiş ən səviyyəli legionerlərdən biridir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Qış fasiləsində «Admira Vakker»dən icarəyə götürülən Patrik Robson tənqidlərə məruz qalıb. Braziliyalı vinger yeni ildən sonra meydana çıxdığı oyunların heç birində fərqlənə bilməyib.
Hücumameylli yarımmüdafiəçi fiziki cəhətdən zəif təsir bağışlamaqla yanaşı, adaptasiya prosesini ləng keçir. Baxşıyev hər şeyə rəğmən, «sambaçı»nın arxasında dayandığını bildirir:
«Patriki ötən ilin yayından izləyirəm. Onu hələ mövsümün əvvəlində komandamda görmək istəyirdim. Bura gec gəlsə də, mən ondan arxayınam.
Şübhə etmirəm ki, Patrik özünü isbatlayacaq. O, bəzən məşqdə elə hərəkətlər edir, elə fintlər göstərir ki…
Çətin ki, onu hər futbolçu bacarsın. Abdulla Zubir kimi bir-iki legionerdə o potensial var.
Patrikə demişəm ki, heç nəyə fikir verməsin, mən ona inanıram. Özü də deyir ki, mənə bir az vaxt lazımdır. Hələ indi-indi komandaya uyğunlaşır.
Hər legionerin öz xasiyyəti var, hamı adaptasiya prosesini tez keçmir. Mən bunu bir daha deyirəm: tezliklə hamı ondan danışacaq.
Kaş bütün klublar Patrik səviyyəsində legionerlər tapa və transfer edə bilsin».

