Qış fasiləsindən sonra "Sabah"a darmadağın olan (0-3) "Qəbələ" növbəti iki turda vəziyyətini xeyli yaxşılaşdıra bildi.
Öncə "Səbail", ardınca isə "Sumqayıt" üzərində qələbələr komanda üzərindəki mənfi auranı götürmüş oldu.
Hər halda Masazırdakı ağır məğlubiyyətdən sonra toparlanmaq elə də asan görünmürdü. Amma Elmar Baxşıyevin komandası bunu bacardı. Hətta bir qədər qabağa da gedərək kubokdan "Sumqayıt"ı da kənarlaşdıra bildilər.
Təbii ki, komanda üzvləri son nəticələrdən məmun və razıdılar. Amma rahatçılıqdan söhbət gedə bilməz. Çünki qarşıdakı 3 tur komandanın mövsüm ərzindəki bütün əziyyətinin üzərindən xətt çəkə bilər. Əgər rahatlıq olsa.
Narahatlığa yol açan səbəb isə rəqiblərin adlarıdır. Qarşıdakı tura komanda hazırkı lider "Qarabağ"ın qonağı olacaq. Ondan sonrakı tur hazırda əla formada olan, məğlubiyyət tanımayan "Zirə" ilə matç var. Və nəhayət davamında son çempion "Neftçi" "Qəbələ"ni gözləyir.
Mümkün məğlubiyyətlər "Qəbələ"nin medal arzusunun, bəlkə də avrokubok şansının üzərindən xətt çəkə bilər. Düzdü, qarşında belə bir təqvim varsa, necə narahat olmaya bilərsən axı?
Amma ümidsizlikdən söhbət belə gedə bilməz. Ki, komanda ikinci dövrə oxşar perioddan 5 xalla çıxıb ( "Qarabağ" və "Neftçi" ilə bərabərlik, "Zirə" üzərində isə qələbə qazanılıb). Kim bilir, bəlkə eynisi, bəlkə də daha yaxşısı "Qəbələ"ni gözləyir. Bir sözlə, "Qəbələ" adına gərgin və dramatik matçları gözləməyə dəyər...
XANOĞLAN İMANOV

