Qış fasiləsindən sonra “Qəbələ”də üzlər gülməkdə davam edir.
Ölkə kubokunda “Sumqayıt”ı mübarizədən kənarlaşdırıb yarımfinala vəsiqə qazanan bölgə təmsilçisi Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”i (2:0), 17-ci turda “Sumqayıt”ı (4:0) məğlub etməyi bacardı.
Çempionatın həlledici mərhələsinə qədəm qoyan “qırmızı-qaralar” zədəli futbolçuların yolunu gözləyir.
“Sumqayıt”la sonuncu görüşdə ehtiyatda qalan Asif Məmmədovun miktozədəsi ona oynamaq imkanı vermədi. Lakin kapitanın zədəsi ciddi deyil.
Növbəti matça qədər meydana çıxmağa hazır olacaq.
Payızda uzun müddətə sıradan çıxan Yaovi Akakpo da yaxın günlərdə reablitasiyaya başlayacaq.
Toqolu hücumçunun yaşıl meydanlara dönüşü martın aprelə təsadüf edə bilər. Təbii ki, müalicə və məşq prosesləri nəzərdə tutulan plan əsasında davam etsə.
O ki qaldı Rüfət Əhmədova, gənc müdafiəçidən sevindirici xəbər var.
Belə ki, Rüfət artıq kollektiv çalışmalarda iştirak edir. 6 aydır futboldan uzaq düşən futbolçu qarşıdakı həftələrdə tədricən meydanda görünə bilər.
“Qəbələ” 18-ci turda səfərdə “Qarabağ”ın qonağı olacaq. Oyun martın 6-da keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

