Doğrudan da, «Qəbələ» avrokuboklara vəsiqə qazanmaq istəyir.
İstəmək və iddia etmək azdır.
Ortada bir əzm, bir iradə var. Hər halda ölkə kubokunda yarımfinala çıxıblar, bu yandan da Premyer Liqada ümumi vəziyyəti nəzarətdə saxlayır, liderlər qrupunda varlıq göstərməyə davam edirlər.
Bu, çox yaxşı haldır, başqalarına nümunədir. Məhdud büdcə ilə heç bir iş görməyin mümkün olmadığını deyənlər artıq sussun. Önlərində artıq «Qəbələ» boyda dağ (örnək) var.
Zaur Əzizovun «Neftçi»yə gedişi Elmar Baxşıyevin özünü də, futbolçularını da sarsıtmış kimi göründü. Bəlkə indi də belədir.
Hələ də onun xiffətini çəkirlər. Sadəcə, mövsümün əvvəlində formalaşmış kollektiv ruhu ki var, o hələ yerindədir, birlik və bərabərlikləri pozulmayıb.
Növbəti iki-üç turda da relsdə qala bilsələr, «Qəbələ»ni 4 xoşbəxt arasında görəcəyik. Hər halda bunca zəhmət və stressdən sonra avro-iştirakçılar arasında yer almasalar, haqsızlıq olar.
«Sumqayıt»la oyunu izləyənlər mənimlə razılaşar ki, «Qəbələ» sürətli və səliqəli futbolu ilə 3 xalı haqq etdi.
Ev sahiblərinin qapısına 4 qol vuran qonaqlar müdafiə xəttində inamlı təsir bağışladı. Ən müsbət məqamı kimi bunu önə çəkərdim.
Həmişə nə deyirdik: «Qəbələ»nin «axill dabanı» arxa zonadır. Deyəsən, Baxşıyev son «müalicə kursu»na başlayıb.
KAMİL

