"Qəbələ"ni sevindirən qələbə, narahat edən HADİSƏ

21 Fevral 2022 23:20 Qəbələ 727
"Qəbələ"ni sevindirən qələbə, narahat edən HADİSƏ

"Qəbələ" 16-cı turu vacib 3 xalla başa vurdu. "Səbail" üzərində qələbə heç də asan başa gəlmədi.

Düzdü, meydanda diktə edən tərəf bölgə klubu idi. Amma fürsətlər sağa-sola xərclənməsi ilə boşa verilirdi.

Nəhayət, Ülvi İsgəndərovun meydana girməsi ilə şanssızlığa son verildi. Əvəzləmədən oyuna daxil olub, fərqlənməyi sevən forvard ənənəsini bu dəfə də davam etdirdi.

67-ci dəqiqədə meydana daxil olan Ülvi cəmi cəmi 12 dəqiqə sonra hesabı aça bildi. Bu məqamda kapitan Asif Məmmədovun əla ara ötürməsi də xüsusi qeyd olunmalıdır.

Əlavə olunmuş dəqiqələrdə İsnik Alimini əla zərbədən sonra vurduğu qolla matçda yekun hesab müəyyənləşdirdi. "Zirə" və "Neftçi"nin nəfəsini hər addımda hiss edən Elmar Bağşıyevin komandasına 3 xal hava-su kimi faydalı oldu.

Amma matç sevinclə bərabər, narahatlıq yaradan məqamla da yadda qaldı. Belə ki, yeni transfer Patrik Robson İsgəndərovla əvəzlənərkən narazılıq etməsi diqqətləri çəkdi.

İlk hissədə bir neçə real qol imkanını qaçıran yarımmüdafiəçinin jestləri "Qəbələ"dəki ailə ab-havasına zidd sayılacaq, narahatlıq yaradacaq məqamdır. Deyəsən, əcnəbi oyunçu komanda yoldaşlarındakı ailə ruhunu tam mənimsəyə bilməyib.

Yəqin ki, kollektivin ağsaqqalı və kapitanı Asif Məmmədov komandada belə hallara yer olmadığını ona başa salıb. Ki, Elmar müəllim üçün də komandaya faydalı iş əmsalından çox, nizam-intizam daha önəmlidir. Onun komandasını bu yerlərə gətirən, bəzi əskikləri aradan aparan da məhz həmin dəmir nizam-intizamdır. Burdasansa, ya düzələcəksən, ya da düzələcəksən...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti