Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın ilk qolunu 78-ci dəqiqədə Ülvi İsgəndərov vurub.
Bundan iki dəqiqə sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov zədələndiyi üçün əvəzlənib. Onun yerinə meydana Emil Səfərov daxil olub.
90+7-ci dəqiqədə İsnik Alimi qarşılaşmada son nöqtəni qoyub. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci sırada qalıb.

