Dünən Azərbaycan Premyer Liqasında XVI tura start verildi.
Günün ilk oyunu Qəbələdə baş tutdu.
Şəhərin eyniadlı komandası "Səbail"i qəbul etdi. Qarşılaşma əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.
"Qırmızı-qaralar"ın ilk qolunu 78-ci dəqiqədə Ülvi İsgəndərov vurdu. 90+7-ci dəqiqədə İsnik Alimi qarşılaşmada son nöqtəni qoydu.
Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci sırada qalıb.
Əyalət təmsilçisi bu münasibətlə sosial şəbəkə hesabında maraqlı foto paylaşıb. "Gəmi dağa rast gələrsə…"başlığı ilə profildə yerləşdirilən fotoda Ülvi ilə İsnik yer alıb.
Qəbəlilər bununla "Səbail"in himayədarına – ASCO-ya "ilişib". Məlum olduğu kimi,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti "dənizçilər"in baş sponsorudur. Düzdür, şirkət kluba barmaqarası yanaşır, ancaq yenə də onların adı dəstəkçilərin siyahısında birinci çəkilir.
"Səbail"in rəsmi "feysbuk" səhifəsi Qəbələdəki oyunun gedişi zamanı bir paylaşım edib. Burada hesabın hələ də açılmaması qabardılıb. "Qəbələ"nin paylaşımı həm də onlara cavabdır.
SPORTİNFO.AZ

