Ölkə kubokunun yarımfinalçıları arasında «Qəbələ»ni də görürük.
«Sumqayıt»ı mübarizədən kənarlaşdırdılar və «Qarabağ»a rəqib oldular.
Eynən 2 il qabaqkı kimi. Onda zaman bir az fərqli, «Qəbələ» nisbətən güclü idi. İstər heyət, istər maliyyə sarıdan.
Bəxtin də köməyi ilə «Qarabağ»ı yarımfinalın astanasında qabaqlayıb, adlarını finala yazdırdılar, burada da «Sumqayıt»ı 2 cavabsız qolla məğlub etdilər, beləcə, klub tarixinin ilk və hələlik yeganə titulunu qazandılar.
Hal-hazırkı «Qəbələ»ni əvvəlkindən, həmişəkindən çox tərifləyirik. Bəzən həddindən ziyadə.
Elə olur ki, xətaları da görməzdən gəlirik. İl yeni başlayıb və cəmi 3 oyun keçiriblər, üst-üstə dörd qol buraxıblar. Bu rəqəm dörd yox, ondörd də ola bilərdi.
Nicat Mehbalıyev hər oyunu çıxara, qəhrəmana çevrilə bilməz. Arxa xətt nümayəndələri o qədər səhvlər etməyə başlayıb ki…
Fiziki cəhətdən yetərincə güc toplamayıblar. Antalyada nə yeyiblər, nə içiblər, nə işlə məşğul olublar, bilənlərdən soruşuram.
«Sumqayıt» son 30 dəqiqədə bir qədər də təzyiq göstərsəydi, hesabda önə də keçəcəkdi, turu da adlayacaqdı.
Fernan Lopesi «Qəbələ»nin ən güclü legioneri sayanlar futboldan xəbərsiz olanlardır. Elmar Baxşıyev onu əsas heyətdə oynatmaq üçün hər şey edir, bu məqsədlə rotasiyaya əl atır, İsnik Alimini müdafiəyə də çəkir.
İspaniyalının hərəkət traektoriyası qısaməsafəlidir, çox vaxt geriyə düşmür. Diqqət yetirdiz, bu dəfə əvəzlənəndə necə hirsli idi, sifətini turşutmuşdu.
Zaur Əzizovun yeri məlum. Bir funksionerin gedişi ilə, görün, qısa müddətdə «Qəbələ»nin neçə-neçə əyər-əskiyi üzə çıxır.
Deməyin ki, o, sadəcə baş menecer idi, məşqçi korpusu yerindədir. Zaur Əzizov komandanın ağası idi ey, ağası!
KAMİL

