“Həmin gün bizim günümüz deyildi. Şanslarımızı boşa verdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sabah”a uduzan “Qəbələ”ninyarımmüdafiəçisi Ehtiram Şahverdiyev deyib.
26 yaşlı futbolçu böyük hesablı məğlubiyyətin əsas səbəbi kimi bu məqamı göstərib: “Özünüz də gördüz ki, hər iki hissədə çox yaxşı qol imkanlarımız oldu.
Dəyərləndirə bilsəydik, oyunun axarı da, yekun nəticə də fərqli ola bilərdi. Ruhdan düşmürük, əksinə, yenilgidən nəticə çıxarıb, növbəti oyunlarda səhvləri təkrarlamamalıyıq”.
“Qəbələ”nin məğlubiyyətində başlıca səbəblərdən biri mərkəz müdafiəçisi, komandanın “divarı” hesab olunan Ruan Renatonun yoxluğu idi.
Braziliyalı müdafiəçi vərəqə cəzalısı olduğuna görə meydana çıxmaqdan məhrum idi ki, bu mövqedə onu İsnik Alimi əvəzləmişdi. Belədə, İsnikin yarımmüdafiədəki yeri də görünürdü.
Ehtiram Ruanın yoxluğunun da nəticəyə təsir etdiyini gizlətməyib: “Komandamızın oyunu hansısa futbolçunun üzərində qurulmayıb. Amma razıyam ki, bu oyunda Ruanın yoxluğu hardasa görünürdü”.
“Sabah” bu qələbə sayəsində xalların sayını 20-yə yüksəldib 4-cü sıradakı “Neftçi”yə (22 xal) yaxınlaşdı. “Qəbələ” isə 26 xalla 2-ci pillədə qərarlaşıb.
HƏBİB

