"Qəbələ"nin aparıcı simalarından biri sayılan Rövlan Muradov Sportinfo.az-a açıqlama verib.
23 yaşlı futbolçu öncə yeni qayıtdıqları Antalya toplanışını dəyərləndirib: "Türkiyə toplanışımız əla keçdi. 3 yoxlama oyununda qüvvəmizi sınadıq. Həm məşqlərdə, həm də oyunlarda çatışmayan cəhətlərimizin üzərində işlədik. Məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq".
Bölgə klubu qış fasiləsinə kimi yaxşı mənada həm oyunları, həm də nəticələri ilə hamını təəccübləndirməyi bacardı.
Elmar Baxşıyevin yetirmələri ilk iki dövrədən sonra topladığı 26 xalla "Qarabağ"dan sonra turnir cədvəlində ikinci pillədə qərar tutub.
Uğurda böyük pay sahibi olan Muradov eyni performansı qarşıdakı dönəmdə də göstərə biləcəklərini bildirib: "İnanıram ki, qışa kimi olan uğurlu çıxışımızı mövsümün sonuna kimi qoruyub saxlaya bilərik. Bunun üçün mübarizə aparacağıq".

