"Meydanda canından keçməyə hazır olan oyunçudur"

20 Yanvar 2022 19:00 Qəbələ 1 245
"Meydanda canından keçməyə hazır olan oyunçudur"

“Komandada bu qədər itkilərin olması istər-istəməz adama pis təsir edir.

Daha çox onların kənarda qalmasına görə üzülürəm”.

Bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Stefan Vukçeviç zədəli komanda yoldaşları haqda Sportinfo.az-a danışarkən deyib.

Bildiyiniz kimi, çempionatın əvvəlində Rüfət Əhmədov ağır xəsarət almaqla uzun müddət yaşıl meydanlardan uzaq düşmüşdü. Ardınca Yaovi Akakpo da sıradan çıxmaqla komanda yoldaşlarını çətin vəziyyətdə qoymuşdu.

Bu dəfəki toplanışda isə vitse-kapitan Ürfan Abbasov zədələndi. Təcrübəli müdafiəçinin hansı müddətdə bölgə təmsilçisinə kömək etməyəcəyi dəqiq bilinməsə də, təxminən 1 ay oynamayacağı dəqiqdir.

Vukçeviç Ürfana görə narahatlığını gizlətməyib: “Rüfətlə Yaovinin komandaya qoşulacağını gözlədiyimiz anda Ürfanı itirdik.

Əla insan, bacarıqlı futbolçu, möhtəşəm dostdur. Meydanda canından keçməyə hazır olan oyunçudur. Təəssüf ki, bir müddət “Qəbələ”yə kömək edə bilməyəcək.

Amma ümid edirəm ki, özündə güc tapıb tezliklə yanımıza qayıdacaq. Allahdan ona, eləcə də Rüfətlə Yaoviyə sağlamlıq arzulayıram”.

“Qəbələ” Antalya toplanışında ilk yoldaşlıq görüşünü “Zaqlembe”yə qarşı keçirərək Polşa təmsilçisinə 1:2 hesabı ilə uduzub.

Yanvarın 21-də “Boreç”lə qarşılaşacaq bölgə təmsilçisi ayın 24-də “Bohemians”la üz-üzə gələcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti