“Bildiyimizə görə, ona başqa təkliflər də gəlib”

8 Yanvar 2022 14:40 Qəbələ 763
“Bildiyimizə görə, ona başqa təkliflər də gəlib”

“Biz bu futbolçu ilə ötən ilin yayından maraqlanırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev söyləyib.

Əyalət təmsilçisi yeni ilin ilk transferini gerçəkləşdirməkdə problemlə üzləşib.

Daha əvvəl xəbər verdiyimiz kimi, “qırmızı-qaralar” "Admira Vakker"in hücumameylli yarımmüdafiəçisi Patrik Robson de Souza Monteyro (Alfinete) ilə anlaşmaq istəyir.

“Qırmızı-qaralar” braziliyalı legioneri Avstriya klubundan 6 aylıq icarəyə götürmək niyyətindədir.

Patrik Alfinete cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. O, daha əvvəl Avstriyada - "Horn"da çıxış edib və 30 matçda 6 dəfə fərqlənib.

Daha əvvəl “America RJ” “Bonsucesso” və “Friburquense”də forma geyinib. İndi isə… Onun başqa təklifləri var. Bu da cənubi amerikalının fikrini bir qədər qarışdırıb.

Alfinete aldığı bütün dəvətləri dəyərləndirmək istədiyini, bu üzdən Azərbaycan klubundan ondan gələcək cavabı gözləmələrini bildirib.

Hətta vaxt da qoyub - ola bilsin ki, son qərarını yanvarın sonunadək açıqlasın. 23 yaşlı “sambaçı” razılaşsa, ”Qəbələ”dən 5000 dollar əməkhaqqı alacaq.

Baxşıyevi dinləyək: “Patriki hələ yayda bura gətirmək fikrində idik. Onda müəyyən səbəblərə görə transferi reallaşdıra bilmədik.

Bu dəfə özü də çox istəyir ki, Azərbaycanda oynasın. Amma bildiyimizə görə, ona başqa təkliflər də gəlib.

Deyəsən, menecerləri ilə gələn təklifləri götür-qoy edir. İstənilən futbolçu oynamaq və yaxşı pul qazanmaq istəyir.

Patrikdən aldığımız son söz budur ki, hələ yekun qərarını verməyib. Bəli, bu söhbət yanvarın axırına kimi çəkə bilər.

Patrikin gəlişi komandamıza çox xeyir verə bilər. Gənc və hərəkətlidir, texnikası yaxşıdır. Həm hücum, həm də yarımmüdafiə xəttini gücləndirməyi bacaracaq səviyyədədir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!