“Bu müddətdə dincəlmək çox vacib idi. Çox yaxşı istirahət etdiyimi deməliyəm”.
“Qəbələ”nin makedoniyalı yarımmüdafiəçisi İsnik Alimi qış fasiləsindəki istirahəti haqda Sportinfo.az-a danışıb.
Avqustdan dekabra qədər gərgin məşqlərdə və oyunlarda tər tökən futbolçuların yorğunluğu canından atması üçün geridə qalan 20 gün əla imkan idi.
Alimi belə fürsətin bir də uzun müddətdən sonra ələ düşəcəyini deyib: “Gizlətmirəm, son 4 ayda çox əziyyət çəkdik. Ona görə də bizə mütləq fasilə lazım idi. Fikrimcə, 20 günlük istirahət yerinə düşdü.
Bu müddətdə futboldan uzaq qalmağa, futbol haqda düşünməməyə çalışdım. Bir növ beynimi təmizlədim. Hazırlıq mərhələsi başlayan kimi yenə məşq və oyunlar haqda fikirləşəcəyəm.
Bundan sonra bizi daha məsuliyyətli görüşlər gözləyir. Qarşıda ağır 5 ayımız var. İstirahətin xeyrimə işlədiyinə əminəm”.
İsnik Alimi Azərbaycan Premyer Liqasının ilk yarısında 14 oyunda forma geyinərək 4 qola imzasını yazıdırıb. Azərbaycan Kubokunda 1 matçda iştirak edib.
HƏBİB

