"İlk dövrə bizim üçün həqiqətən yaxşı keçdi. Düşünməzdik ki, belə uğurlu olacağıq.
Mövsümün əvvəli çətinliklə heyət qurulmuşdu. Amma verilən tapşırıqları yaxşı yerinə yetirə bildik.
Həm nəticə, həm də oyun baxımından bizdə hər şey yaxşı alındı".
Bunu Sportinfo.az-a açıqlamasında mövsümün arxada qalan hissəsini dəyərləndirən "Qəbələ"nin üzvü Murad Musayev deyib.
Əla mövsüm keçirən mərkəz müdafiəçisi əsas işin bundan sonra onları gözlədiyini etiraf edib: "Əsas olan bu nəticələrin davamını gətirə bilməkdir. Çünki çempionatın əsas mərhələsi hələ qabaqdadır. Çalışıb artırmaq, üstünə qoymaq lazımdır ki, mövsümün sonu istədiyimiz yerdə ola bilək".
Musayev "arxada qalan 14 oyunda daha çox üzüldüyün nəsə oldumu" sualına isə belə cavab verib: "Üzüldüyüm məqam "Sabah"la oyun oldu. Həqiqətən həmin görüş çox gözlənilməz məğlubiyyət aldıq".
27 yaşlı futbolçu yaşadıqları çətinliklərdən də söz açıb: "Hər zaman problemlər olur. İstənilən komandada problem var. Bizim komandada heyətin kasadlığı önə çıxır. Həqiqətən də oyunçu sayımız azdı. Fikrimcə, say daha çox olsa, bu da bizim üçün rahat olardı. O halda fiziki və psixoloji durum daha yaxşı olacaqdı. İstər-istəməz oyunçu sayı az olanda zədəlilər və cəzalıların yoxluğunu tam unutdurmaq olmur.
Düşünürəm ki, bu şeylər bəhanə olmalı deyil. İstəyimiz, mübarizəmiz yerində olsa və hər oyuna daha yaxşı nəticə üçün çıxsaq uğur əldə etmək olar. Əlbəttə, belədə bir qədər çətin olacaq. Ancaq inanıram ki, öhdəsindən gələ biləcəyik".

