“Hazırda Makedoniyadayam.
Ümumiyyətlə, bütün tətili burada oldum, bayramları burada keçirdim”.
Qısa müddətdə “Qəbələ”nin aparıcı futbolçularından birinə çevrilən İsnik Alimi qış fasiləsi ilə bağlı fikirlərini Sportinfo.az-a açıqlamasında dilə gətirib.
Çempionatda yaranmış 3 həftəlik fasilədən hərə bir cür yararlandı. Cənubi Amerikadan olanlar gününü əsasən dəniz kənarında keçirdisə, avropalılar “köhnə qitə”nin aparıcı şəhərlərində dincəlməyə üstünlük verdi.
Maraqlıdır, “Qəbələ”nin “düşünən beyni” 2022-ci ili kiminlə və harada qarşılayıb? Tətilboyu hansı ölkəyə səfər etməyə imkan tapıb?
Öz dilindən eşidək: “Azərbaycandan Makedoniyaya gəldim və heç yerə getmədim. Yeni ili də xanımım və ailəmlə birgə qarşıladım. Ümumiyyətlə, bu günlərdə harasa getmək niyyətim də yox idi.
Doğmalarımı və dostlarımı 5-6 ay idi görmürdüm. Həqiqətən çox darıxmışdım onlar üçün.
Bacardığım qədər yaxınlarımla daha çox vaxt keçirməyə çalışdım. Çünki yenə uzun müddət ayrı qalacağıq”.
İsnik Alimi cari mövsümdə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında 14 oyunda 4 qol vurub. Azərbaycan Kubokunda 1 matçda iştirak edib.
HƏBİB

