“Pələng”lə pələng barədə - “Yaraşıqlı deyiləm”

29 Dekabr 2021 19:40 Qəbələ 1 392
“Pələng”lə pələng barədə - “Yaraşıqlı deyiləm”

Şərqi Cin təqviminə görə 2022-ci il pələn ilidir.

Azərbaycan futbolunda 1986 və 1998-ci ildə anadan olan kifayət qədər futbolçuya rast gəlmək mümkündür.

Ehtimallara və astroloqların nəzəriyyəsinə inansaq, 2022 onlar üçün düşərli olacaq.

Ölkə çempionatındakı pələnglərin “ağsaqqalı” Asif Məmmədovdur.

“Qəbələ”də ikinci gəncliyini yaşayan “11 nömrə” karyerasının ən yaxşı illərindən birini keçirir. Lakin medal arzusuna çatmaq üçün pələn ilində də başarılı olmaq mütləqdir.

Müsahibim Azərbaycan Premyer Liqasının yeganə 1986-cı il doğumlusu Asif Məmmədovdur. Kapitan Sportinfo.az-a müsahibəsində pələnglə bağlı sualları cavablandırdı.

- Bürclərin, heyvan illərinin proqnozlarına inanırsan?

- Düzünü desəm, yox.

- 2022-ci ilin hansı heyvana məxsus olduğunu bilirsən?

- Açığı, bilmirdim. Bir-iki gün əvvəl dedilər mənə. Pələng ilidir.

- Pələng ilində doğulduğunu bilirdin?

- Heç onu da bilmirdim. Bu mövzuda söhbət düşəndə öyrəndim.

- Pələngə aid nə bilirsən?

- Çox az məlumata sahibəm. Nədənsə, çox da maraqlanmamışam. Açığı, sevdiyim heyvan deyil, bəlkə də ona görə.

- Heyvanlardan uzaq birisən, yoxsa pələngi yırtıcı olduğuna görə sevmirsən?

- Əksinə, heyvanları sevirəm. Sadəcə, pələnglə aram yoxdur. Yəqin ki, nadir heyvanlardan olduğu üçün əvvəldən maraqlanmamışam, həvəs göstərməmişəm.

- Hansı heyvanlarla dostluq edirsən?

- Dostluq etməsəm də, iti çox sevirəm.

- Bundan əvvəlki pələng ili 2010-cu ilə təsadüf etmişdi. Həmin ili necə xatırlayırsan?

- Yaxşı keçməmişdi. 2010-un yayında “Xəzər Lənkəran”a transfer olunmuşdum və orda keçirdiyim 1 il ürəyimcə olmamışdı.

- Bəs, ondan əvvəlki dönəm? İlin ilk 5 ayı heç nə demir sənə?

- “İnter”lə çempion olmuşdum. Hansısa mənada buna sevinə bilərəm. Amma ilin ikinci yarısı uğurlu olmadı deyə, yadımda düşərsiz il kimi qalıb. Qarışıq il olmuşdu deyərdim.

- Özündə pələng xüsusiyyətləri görürsən?

- Cəsarətli, özünə güvənən heyvandır. Bunu mənim deməyim nə dərəcədə doğru olar, bilmirəm, amma həmin xüsusiyyətləri özümdə görürəm. Kənardan baxanlar daha yaxşı bilər.

- Pələng nə qədər gözəl, qüvvətli və cəld olsa da, bir o qədər ehtiyatlı və qorxaqdır. Bu, sənsən?

- Qüvvətli, cəld və ehtiyatlı olmağımla hardasa razılaşıram. Amma digərləri ilə yox.

- Qorxaq və gözəl?

- Xaraktercə qorxaq deyiləm. Gözəl sözü isə konkret mənə aid deyil (gülür).

- Özünü yaraşıqlı hesab etmirsən?

- Xeyr.

- Həyatda pələng görmüsən?

- Xeyr, heç vaxt, ancaq televizorda.

- Zooparkda da görməmisən?

- İndiyə qədər zooparka getməmişəm axı. Düzü, zooparkın yenidən qurulmasından sonra getmək istəyirdim, amma uyğun vaxt olmurdu. Yəqin ki, bayramdan sonra gedəcəyəm.

- Övladlarını aparacaqsan yəqin.

- Uşaqlar orda olub artıq. Getsəm, tək gedəcəyəm.

- Pələngi yaxından görmək üçün?

- Tək pələngi yox, bütün heyvanları görmək istəyirəm. Ümumiyyətlə, zooparkın yenilənmiş vəziyyəti maraqlı gəlir.

- 2022-ci ildə pələngdən nə arzulayırsan?

- Bəlkə də şablon səslənəcək. Amma ilk növbədə hamıya can sağlığı arzulayıram. Tək ailəmə, yaxınlarıma, dostlarıma yox, bütün Azərbaycan xalqına. Canımız sağlam olsun, hər şeyi əldə etmək olar. Canın sağlam olmayandan sonra var-dövlət, dost-tanış hamısı boş şeydir.

- Bəs, “Qəbələ”nin kapitanına, “11 nömrə”sinə nə arzulayırsan?

- Ona arzum budur ki, mövsümü medalla başa vurub, “Qəbələ” ilə avrokuboklarda oynasın. Və komandası çempionatın ilk yarısındakı çıxışın davamını 2022-ci ildə gətirsin.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti