Azərbaycan Premyer Liqasında qış fasiləsi öz axarında davam edir. Fasiləyə kimi gedən mübarizəni müzakirə etdikdə isə ən çox diqqət çəkən təbii ki, "Qəbələ"nin uğurlu çıxışı oldu.
Bunda komandanın fiziki hazırlğının yaxşı vəziyyətdə olması da xüsusi rol oynadı. Axı heyət kasad olanda müəyyən perioddan sonra axsamalar mütləq üzə çıxmalıydı.
Amma "Qəbələ" komanda olar 14-cü turda belə bunu hiss etdirmədi. Hətta "Qarabağ" və "Neftçi" kimi hazırlıqlı komandalara qarşı da 90 dəqiqə yüksək tempdə mübarizə aparmağı bacardı.
Nə qədər qəribə səslənsə belə əksər oyunlarda "Qəbələ" ikinci yarını daha yaxşı keçirirdi. Bunda məşqçilər korpusunda yer alan Rasim Ramaldanovun zəhməti əvəzsizdir.
Gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin xoş sözlərə layiq fiziki durumunun sirrini belə izah edib: "Düzdü, çox kasad ehtiyat skamiyamız var. Və müəyyən məqamlarda bizə çətinlik yaradır. Ancaq çətinliklərə rəğmən əlimizdə olan imkanlardan maksimum yararlanmağa çalışırıq. Çox gözəl kollektivimiz var. Heyət insan kimi yaxşı oyunçulardan təşkil olunub. Biz məşqçilər korpusu da mehribançılığı saxlamağa çalışırıq. Ki, hər şey ədalətli olsun.
Yəqin ki, səbəblərdən ən önəmlisi də budur. Məşqlərimiz isə ancaq baş məşqçinin göstərişi ilə keçirilir. Şükürlər olsun ki, bəhrəsini görürük".

