“Komandaya yanvarın 5-nə qədər istirahət vermişik. Yanvarın 6-da Bakıda bir araya gələcəyik”.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev rəhbərlik etdiyi kollektivin qış hazırlığı ilə bağlı planlarını Sportinfo.az-a açıqlayıb.
Maddi baxımdan vəziyyəti ürəkaçan olmayan bölgə təmsilçisinin təlim-məşq toplanışını ölkə daxilində keçəcəyi böyük ölçüdə dəqiqləşmişdi.
Lakin Baxşıyev rəhbərliklə son görüşdən sonra ürəkaçan xəbər alıb. 41 yaşlı mütəxəssis həmin məlumatı saytımıza bildirib:
“Yanvarın 6-da toplanışa start verib, gündə 1 dəfə olmaqla məşqlərimizi davam etdirəcəyik. Bu proses yanvarın 14-nə qədər davam edəcək. İnşallah, ayın 15-də Antalyaya yollanmağı planlaşdırırıq. Hazırda bu yöndə işlər gedir.
Ortaya hansısa problem çıxmasa yanvarın 15-dən 25-nə qədər Antalyada hazırlıq keçəcəyik. Orda olduğumuz müddətdə 3 yoldaşlıq görüşünün baş tutmasında maraqlıyıq”.
“Qəbələ” Premyer Liqanın ilk yarısında topladığı 26 xalla 2-ci sırada yer alıb ki, bölgə təmsilçisini lider “Qarabağ”dan 7 xal ayırır.
HƏBİB

