“Biz onunla yaydan bəri maraqlanırıq“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Avrokuboklar uğrunda mübarizə aparan bölgə klubu yeni transfer əməliyyatına başlayıb. Əyalət təmsilçisinin xidmətində maraqlı olduğu iki legionerdən birinin adı redaksiyamıza məlumdur.
Baxşıyevin dəvət göndərdiyi braziliyalı Patrik Robson de Souza Monteyrodur. 23 yaşlı hücumameyyli yarımmüdafiəçi mövsümün geridə qalan hissəsini “Admira Vakker”də keçirib.
Cənubi amerikalı Avstriya klubunda cəmi 2 oyuna çıxıb və buradan ayrılmaq fikrindədir. Qısaca adı Patrik Alfinete olan “sambaçı” daha əvvəl “America RJ” “Bonsucesso” və “Friburquense”də forma geyinib.
O, “Admira Vakker”ə bu ilin yayında Avstriyanın başqa bir komandasından - “SV Horn”dan keçib. Öncəki klubunda 30 oyuna 6 dəfə fərqləndiyini bildirək.
E.Baxşıyev bu keçidi çox istədiyini, əsas məsələnin maliyyə şərtlərindən asılı olduğunu bildirib:
“Patrikin maraqlı tərzi var, hərəkətli futbolçudur. Hücumun arxasında yaxşı təsir bağışlayır. Orta sahədə belə bir tipə ehtiyacımız var.
Onsuz da, oyunçu sayımız azdır, komandaya yeni adlar lazımdır. Braziliyalı şərtlərimizlə tanışdır.
Bilirik ki, özü də Azərbaycana gəlməyə hazırdır. İndi cavab gözləyirik, görək, son sözü nə olacaq“.

